Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq razılaşması imzalanıb

Razılaşma çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin "Beyin Mərkəzi" layihəsi əsasında SABAH qruplarının tələbələri üçün kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, müasir tədris metodlarının tətbiqi və praktiki bacarıqların inkişaf etdirilməsi istiqamətində bir sıra təşəbbüslər həyata keçiriləcək.
Belə ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində keçirilən fənlərin sillabusları yenidən dəyərləndiriləcək, yeni mövzular əlavə ediləcək və müasir tələblərə uyğun şəkildə yenilənəcək. Bu sahələrdə təhsil alan tələbələr və müəllimlər üçün müxtəlif vörkşoplar, seminarlar və təlimlər təşkil olunacaq. Tələbələrin bir hissəsinin istehsalat təcrübəsinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkili imkanları araşdırılacaq. AKM-in mütəxəssisləri tərəfindən tələbələrə mühazirə və seminarlar (distant və ya birbaşa) keçiriləcək və onlar müəllim kimi tədris prosesinə cəlb edilə biləcək. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarından istifadə edilərək tədris müəssisələrinin laboratoriyaları inkişaf etdiriləcək.
Bundan əlavə, Agentliyin İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu ilə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində Dövlət Agentliyinin tabeliyində olan elm və təhsil müəssisələrinin SABAH qruplarının tələbələrinin təlim proqramlarına cəlb edilməsi və burada keçdikləri eyni məzmunlu dərslər üzrə kreditlərinin tanınması təmin ediləcək. Həmçinin, tələbələrin təhsil aldıqları müəssisələrdə “Kiber Klublar”ın yaradılmasına və onların fəaliyyət planlarının hazırlanmasına dəstək göstəriləcək. Praktiki dərslərdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri iştirak edəcək və tələbələrə həm nəzəri, həm də praktiki biliklər qazandırılacaq. Təcrübə imkanlarının genişləndirilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində istehsalat təcrübəsinin təşkili və bu proses üçün əlavə imkanların yaradılması nəzərdə tutulur.
Bu əməkdaşlığın əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində bilikli və bacarıqlı mütəxəssislərin yetişdirilməsinə töhfə vermək, eləcə də müasir texnologiyalar üzrə tədris və praktiki təcrübə imkanlarını genişləndirməkdir.
"Ubisoft" məşhur oyunlarına endirib edib

"Ubisoft"un məşhur oyunları böyük bir endirim kampaniyası çərçivəsində 90 %-ə qədər ucuzlaşıb. Bu endirimlərlə, Far Cry 5-in qiyməti 47,99 dollardan 4,79 dollara düşüb. Kampaniya 13 mart tarixinə qədər davam edəcək və digər "Ubisoft" oyunlarını da əhatə edir.
"Apple" iOS 18.4 Beta 2 versiyasını təqdim edib

Bu yeniləmə ilə birgə "News+ Food" funksiyası təqdim olunub. Belə ki, istifadəçilər artıq reseptlərə daha asan giriş əldə edə biləcəklər. Önəmli bildirişləri vurğulayan "Apple Intelligence" dəstəyi təkmilləşdirilib, "CarPlay" interfeysi yenilənib və "iPhone 16e" cihazına dəstək gətirilib. iOS 18.4-ün yekun versiyasının isə aprel ayında çıxması gözlənilir.
"Reddit"in həmtəsisçisi "TikTok"u almaq istəyir

"Reddit"in həmtəsisçisi Alexis Ohanian "TikTok"u almaq istəyən investorlar sırasına qoşulub. O, "Los Angeles Dodgers"in keçmiş sahibi Frank McCourt ilə birlikdə sosial media nəhənginə maraq göstərir.
"Beşiktaş" loqosu yenilənib
Yenilənmiş loqoda Türk bayrağının ölçüsü nisbətən böyüyüb. Xarici qara konturun qalınlığı artırılaraq ağ konturla eyni ölçüyə gətirilib. Bildirilib ki, bu dəyişikliklər loqonun əsas formasını qoruyaraq daha uyğun və balanslı dizayn yaratmaq məqsədi daşıyır.