Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Keçmiş "Nintendo" əməkdaşı "Switch 2"nin çıxış tarixini açıqlayıb

Keçmiş "Nintendo" əməkdaşı şirkətin yeni nəsil oyun konsolu olan "Switch 2"nin iyun ayında satışa çıxacağını iddia edib. Onun sözlərinə görə, "Nintendo" konsolu yay aylarının başlanğıcında təqdim oluna bilər. Şirkət rəsmi olaraq "Switch 2" üçün aprel ayında geniş təqdimat tədbiri keçirəcəyini təsdiqləsə də, konkret buraxılış tarixi hələ açıqlanmayıb.
Cənubi Koreyada dünyanın ən böyük AI məlumat mərkəzi tikilir

Cənubi Koreya Jeollanam-do bölgəsində gücü 3 gigavatt olan nəhəng süni intellekt məlumat mərkəzi inşa etməyə hazırlaşır. Layihəyə ilkin mərhələdə 9,2 milyard avro sərmayə qoyulacaq və ümumi xərclərin 32 milyard avroya çatacağı gözlənilir. 2025-ci ildə tikintisinə başlanacaq mərkəzin 2028-ci ildə tamamlanması planlaşdırılır və 10.000 nəfərə iş imkanı yaradacaq.
Çinli alimlər lityum-ion batareyalarının ömrünü 6 dəfə artırıb

Fudan Universitetinin tədqiqatçıları lityum-ion batareyalarının istismar müddətini 600 % uzadan yeni texnologiya hazırlayıb. “Trifluoromethyl sulfonate lithium” adlı xüsusi məhlul vasitəsilə batareyaların içində itirilmiş lityum ionları bərpa olunur və enerji saxlama qabiliyyəti qorunur. Laboratoriya sınaqları göstərib ki, bu üsul tətbiq edilən batareyalar 12.000 dövr şarjdan sonra belə ilkin gücünü saxlayır.
"Google Pixel 9a"nın dizaynı sızdırılıb

"Google"un yeni "Pixel 9a" smartfonunun dizaynı internetdə yayımlanan video ilə təsdiqlənib. Sızan görüntülərə əsasən, cihaz premium modellərdən çox, büdcə dostu telefonlara bənzəyir. Texnologiya eksperti Şeyn Kreyqin sözlərinə görə, plastik arxa panel telefonu daha rahat tutmağa imkan verir və "Nokia Lumia" modellərini xatırladır.
"Samsung"un 3 qatlanan telefonu iyulda təqdim oluna bilər

"Samsung"un uzun müddətdir gözlənilən 3 qatlana bilən telefonu ilə bağlı yeni məlumatlar ortaya çıxıb. "ET News"in məlumatına görə, cihaz iyulda "Galaxy Z Fold 7" ilə birlikdə təqdim edilə bilər. Şirkət "Huawei Mate X6"dan fərqli olaraq içə doğru qatlana bilən bir dizayn seçəcək. Cihazın 9,96 və 6,49 düymlük iki ekranla gələcəyi, 2.600 nit parlaqlıq və 25W sürətli şarj dəstəyi təqdim edəcəyi bildirilir.