Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Birbank Biznesin Qadınlar Gününə özəl “Hər işdə birinci qadınlar” yarmarkası
Birbank Biznes-in dəstəyi ilə Beynəlxalq Qadınlar Gününə özəl olaraq 6-7 mart tarixlərində Passage 1901-də qadın sahibkarları bir araya gətirən yarmarka formatlı tədbir təşkil ediləcək. Tədbirin ilk günü "Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura", ikinci günü isə "Uğurun adı: Qadın" mövzusunda müzakirələr aparılacaq. Qadın sahibkarlar öz uğur hekayələrini paylaşacaq, iştirakçılar isə müxtəlif bizneslərə aid stendləri ziyarət edərək məhsul və xidmətlərlə tanış ola biləcəklər.
Ev heyvanları üçün ağıllı telefon təqdim olundu!

"GlocalMe" şirkəti MWC 2025 sərgisində ev heyvanları üçün hazırlanmış "PetPhone" cihazını təqdim edib. "PetPhone" sahiblərlə ev heyvanları arasında real vaxtda ikitərəfli səsli ünsiyyət qurmağa imkan yaradır. Cihaz heyvanın emosional vəziyyətini analiz edərək stress zamanı sahibinə bildiriş göndərir.
Yeni "Call of Duty" oyunu köhnə konsollar üçün də gəlir

"Call of Duty" seriyasının 2025-ci ildə çıxacaq yeni oyununun köhnə nəsil konsollar üçün də buraxılacağı iddia olunur. Sızıntıya görə, oyun yalnız Xbox Series X/S və PlayStation 5 üçün deyil, Xbox One və PS4 üçün də hazırlanır.
"Nothing Phone 3a" və "3a Pro" təqdim olundu


“Nothing” şirkəti yeni "Phone (3a)" və "Phone (3a) Pro" smartfonlarını rəsmi olaraq təqdim edib. Hər iki cihaz 6.77 düymlük AMOLED ekran, 130 Hz yeniləmə tezliyi və 3000 nit pik parlaqlıq səviyyəsi ilə diqqət çəkir. Phone (3a) modeli Snapdragon 7s Gen 3 prosessoru, 8 GB RAM və 128 GB yaddaşla təklif olunarkən, Pro versiyada 12 GB RAM və 256 GB yaddaş yer alır.
AI modelləri "Super Mario Bros."da test edilib
Tədqiqatçılar "OpenAI", "Google" və "Anthropic" kimi şirkətlərin süni intellekt modellərini "Super Mario Bros." oyununda sınaqdan keçirdiblər. Nəticələrə görə ən yaxşı performansı "Anthropic"in "Claude 3.7" modeli göstərib.
"Galaxy Z Flip 7"nin batareya və prosessor detalları ortaya çıxdı

"Samsung"un bu il təqdim edəcəyi "Galaxy Z Flip 7" modelinin texniki xüsusiyyətləri ilə bağlı yeni detallar açıqlanıb. İddiaya görə, bu smartfon sələfi "Flip 6"dan daha böyük və 4,300 mAh-lik iki hissəli batareyaya sahib olacaq. Cihaz gücünü 10 nüvəli Exynos 2500 prosessorundan alacaq və 3,3 GHz tezliyində çalışan Cortex-X925 nüvəsi ilə diqqət çəkəcək.