Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"OpenAI"ın keçmiş işçisi yeni AI şirkəti yaradır
"OpenAI"ın qurucularından İlya Sutskever şirkətdə keçirdiyi uğurlu illərdən sonra təşkilatdakı dəyişikliklərə öyrəşə bilməyib və bir müddət sonra şirkətdən ayrılmaq qərarına gəlmişdi. İndi isə o, öz süni intellekt şirkəti "SSI"ni elan edib. "Safe Superintelligence" adlı şirkəti elan edən Sutskever əvvəllər birlikdə işlədiyi Daniel Qross və keçmiş "OpenAI" mühəndisi Daniel Levy ilə birgə işləyəcəyini qeyd edib.
Əslində, Sutskeverin təhlükəsiz süni intellekt sahəsində işləməsi təəccüblü deyil. Çünki, "OpenAI" günlərində də o, süni intellektlə bağlı öz narahatlıqlarını ifadə edirdi. 2023-cü ildə Leike ilə bir bloq yazısı yazan Sutskever süni intellektin 10 ildən sonra insanları geridə qoyacağını ifadə edərək, bu vəziyyətin faydalı ola bilməyəcəyinə və buna görə də süni intellektin məhdudlaşdırılması və idarə edilməsini mümkün edən sistemlərin zəruriliyinə diqqət çəkmişdi.
Dövlət adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub
Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılmışdır.
Müəyyənləşdirilmişdir ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilmişdir.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
Mənbə: https://dtx.gov.az/az/news/1821.html
"Nvidia" dünyanın ən dəyərli şirkəti oldu
"Nvidia"nın Nasdaq birjasında satılan səhmləri çərşənbə axşamı saat 21.10-a 3 %-dən çox dəyər qazanaraq hər səhm üçün 135,96 dollara yüksəldi. Səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb. Beləliklə, "Microsoft"un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən şirkət dünyanın ən dəyərli şirkəti olub.
Şirkətin bazar dəyəri fevral ayında cəmi 9 ayda 1 trilyon dollardan 2 trilyon dollara yüksəldiyi halda, 3 trilyon dollara çatmaq üçün üç aydan bir qədər çox vaxt lazım olub.
İlon Mask "Tesla Optimus" haqqında yeni açıqlamalar verib
Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalında çıxış edən Mask bildirib ki, insanlar gələcəkdə şəxsi "Optimus" robotlarını bir növ dost kimi görməyə başlayacaqlar. "Siz ondan itinizi gəzdirməyi, evinizə baxmağı, yemək bişirməyi və piano çalmağı istəyə biləcəksiniz".
WhatsApp-da videozənglər üçün yeni funksiya gəlir
WABetaInfo-nun hesabatına görə, WhatsApp istifadəçilərin video zənglər zamanı tətbiq edə biləcəyi yeni AR effektləri və filtrləri inteqrasiya etmək istəyir. Hesabatda bildirilir ki, “WhatsApp” istifadəçiləri dinamik üz filtrlərindən, o cümlədən aşağı işıq rejimindən və retuş alətindən yararlana biləcəklər.