Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Google Translate”ə 110 yeni dil əlavə olunacaq
"Google" dillərin sayını artıqmaq məqsədilə süni intellektdən kömək alacaq. Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet və s. var. Qeyd olunub ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.
"SpaceX"in dəyəri 210 milyard dollara yüksəlib
"Bloomberg" xəbər verir ki, "SpaceX"in dəyəri 180 milyard dollardan 210 milyard dollara yüksəlib. Beləliklə, "SpaceX" 268 milyard dollar dəyərində olan Çinin "ByteDance" şirkətindən sonra ABŞ-nin ən dəyərli özəl şirkəti, dünya sıralamasında isə ikinci olacaq.
"Instagram" yeni bir xüsusiyyət üzərində işləyir
"Meta" şirkəti "AI Studio" alətini sınaq məqsədi ilə bəzi məzmun yaradıcıları üçün əlçatan edib. Bu yeni funksiya vasitəsilə məzmun yaradıcıları öz süni intellekt versiyalarını yarada biləcəklər. Məsələ ilə bağlı Zukerberq açıqlamasında bildirib ki, yaxın həftələrdə "Instagram"da şəxsi maraqlarınıza əsaslanan süni intellekt aləti görməyə başlaya bilərsiniz. "Meta" qeyd edir ki, kreativ süni intellekt tərəfindən yaradılan mesajlar yalan məlumat ehtiva edə və uyğun olmayan dildən istifadə edə bilər. Zukerberq bu süni intellektin ilk beta versiyasının sınaqlarda istifadə ediləcəyini və inkişaf prosesinin davam edəcəyini bildirir.
“Google Gemma 2” istifadəyə verilib
"Google" "Gemma 2" seriyasını "Vertex AI" vasitəsilə tədqiqatçılar və tərtibatçılar üçün əlçatan edib. Əvvəlcə cəmi 27 milyard parametrli model açıqlansa da, indi 9 milyard parametrli modelin əlavə olunduğu qeyd olunub.
Gemma 2 modelləri Meta-nın Llama 3 və Grok-1 modelləri ilə rəqabət aparacaq. Həm 9 milyard, həm də 27 milyard parametr variantları tərtibatçılara cihazda və ya bulud vasitəsilə istifadə etmək üçün rahatlıq verir. Üstəlik, açıq mənbə olduğundan, bu modellər asanlıqla fərdiləşdirilə və müxtəlif layihələrə inteqrasiya oluna bilər.
“Amazon” indiyədək ən yüksək bazar dəyərinə çatıb
"Amazon" son 5 ildə süni intellektdə əldə etdiyi irəliləyişlər və bulud hesablama xidmətlərindəki artımla böyük uğur qazanıb. Şirkət 1994-cü ildə qurulduğu gündən bəri ilk dəfə bazar dəyərini 2 trilyon dollara çatdırıb və şirkətlər arasında yerini daha da möhkəmləndirib.