Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Disney" maliyyə hesabatını açıqlayıb
"Disney" 3-cü maliyyə rübü gəlirlərini elan edərək, "ESPN+", "Hulu" və "Disney+"dan ibarət yayım paketinin 2019-cu ildə istifadəyə verilməsindən bu yana ilk dəfə gəlir əldə etdiyini açıqlayıb. Şirkət keçən ilin eyni dövründəki 512 milyon dollar zərərdən əhəmiyyətli bir dönüş edərək 47 milyon dollar mənfəət əldə edib.
Bakı metrosunda QR bilet istifadəsi rekord qırdı
Bu ilin ilk yarısında Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayında bu rəqəm 1 milyon 260 min 699 sərnişinə çatıb. "Bakı Metropoliteni" QSC-nin verdiyi məlumata görə, iyun ayında QR biletlə səyahət edən sərnişinlər bütün daşınmış ödənişli sərnişinlərin 4,2 %-ni təşkil edirdisə, iyulda bu rəqəm 7,7 %-ə yüksəlib, bu da 69,2 % artım deməkdir.
"TikTok" mətndən video düzəldən yeni AI alətini təqdim edib
"ByteDance" istifadəçilər tərəfindən yazılmış mətnlərdən real videolar yarada bilən yeni süni intellekt aləti "Jimeng AI"ni təqdim edib. "OpenAI"ın "Sora" süni intellekt aləti ilə oxşar şəkildə işləyən bu alət Çində istifadəçilərə təklif edilib.
"Jimeng AI" yazılı mətnləri təxminən 5 saniyəlik qısa videolara çevirə bilir. İlkin nümunələr alətin maraqlı videolar yarada biləcəyini göstərsə də, "Sora" və digər məşhur suni inteklər kimi yüksək keyfiyyətli nəticələr verə bilmir. Bu çatışmazlıq alətin sürətlə işə salınması ilə izah edilir. Çində "App Store"da ayda təxminən 9 dollara əldə edilə bilən "Jimeng AI" ayda 2050 şəkil və 168 video yaratmağa imkan verir. Süni intellektin dünya bazarına çıxarılıb-çıxmayacağı isə hələlik bilinmir.
"Apple Arcade"ə sentyabr ayında üç yeni oyun əlavə olunacaq
"Apple Arcade" sentyabr ayında kitabxanasına üç yeni oyun əlavə etməyə hazırlaşır. Bu yaxınlarda "Vampire Survivors"un plus versiyasını əlavə edən platforma indi "Apple Vision Pro" üçün xüsusi olaraq hazırlanmış "NFL Retro Bowl '25", "Monster Train +" və "Puzzle Sculpt" oyunlarını təklif edəcək.
Geri qaytarılan "Humane Ai Pin" sayı satışları üstələyib
Aprel ayında keçmiş "Apple" əməkdaşları tərəfindən qurulan "Humane" şirkəti ilk ekransız geyilə bilən AI cihazı olan "Ai Pin"i təqdim etmişdi. 699 dollar qiymətinə satışa çıxarılan cihaz üçün aylıq 24 dollar abunə haqqı da tələb olunur. Bununla belə, "The Verge"in istinad etdiyi daxili satış məlumatlarına görə, may və avqust aylarında geri qaytarılan Ai Pin sayı, satışların sayını üstələyib.
Mənbələrə görə, Ai Pin geri qaytarıldıqda şirkət cihazı yeniləyə bilmir, bu da cihazın elektron tullantıya çevrilməsinə səbəb olur ki, şirkət də yenidən satışdan gəlir əldə etmək imkanını itirir.