Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Kibertəhlükəsizlik Platformasına direktor müavini təyin edilib!
Kibertəhlükəsizlik Platformasının işə alım prosesinin nəticələrinə uyğun qəbul edilmiş qərara əsasən, Cavadova Sürəyya Elxan qızı Kibertəhlükəsizlik Platformasının İcraçı Direktor vəzifəsinə təyin edilib. Cavadova Sürəyya 2019-2023-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirmiş və 2023-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat (SABAH) ixtisasının magistratura pilləsinə daxil olub .Sürəyya Cavadova həmin illər ərzində bir çox önəmli şirkətlərdə çalışıb.
2023-cü ilin oktyabr ayında AzInTelecom MMC-də İnformasiya Texnologiyaları Departamentində kiçik mütəxəssis vəzifəsində ilk fəaliyyətinə başlayıb. Bununla yanaşı, akademik fəaliyyətlərini zənginləşdirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayından Bakı Dövlət Universitetində informasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsinə təyin olunub. Sürəyya Cavadova informasiya təhlükəsizliyi sahəsində müxtəlif fəaliyyətlər icra edib, eləcə də bir çox vacib tədbirlərdə iştirak edib. Sahə üzrə bir çox tanınmış beynəlxalq sertifikatlara sahibdir.
ADY: “Google Pay” və “Apple Pay”lə bağlı işlər son mərhələdədir"
Azərbaycanda dəmir yolu ilə hərəkət edən sərnişinlərin “Google Pay" və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə qatarlara onlayn bilet ala bilməsi üçün aparılan işlərin son mərhələdə olduğu bildirilib.bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
"Artıq sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır", - deyə məlumatda əlavə olunub.
“Apple Intelligence”dən sonra şirkətin səhmləri rekord həddə çatıb
"Apple" yeni süni intellekt xüsusiyyətlərini təqdim etdikdən sonra səhmlərində böyük artım yaşayıb. Belə ki, "Apple Intelligence" elanından sonra şirkətin səhmləri 7%-dən çox artaraq rekord həddə çatıb.
Elon Musk "OpenAI"a qarşı iddiasını geri çəkib
Elon Musk "OpenAI" və onun icraçı direktoru Sam Altmanı mart ayında məhkəməyə vermişdi. Musk qurucularından biri olduğu, lakin sonradan ayrıldığı "OpenAI"ın əvvəlcə bəşəriyyət üçün faydalı olacaq texnologiyaları inkişaf etdirmək üçün qurulduğunu, lakin son zamanlarda bundan uzaqlaşdığını və ictimai maraqların arxasınca getməyi dayandırdığını və diqqətini qazanc üzərində cəmlədiyini bildirib. O əlavə edib ki, bu, onunla "OpenAI" arasındakı razılaşmaya ziddir.
"OpenAI" ilə aralarındakı gərginlik hələ də davam etsə də, Musk şirkətə qarşı qaldırdığı iddianı geri götürüb.
“WhatsApp” kanallarına yeni xüsusiyyətlər gəlir
"WhatsApp" hər yeniləmədə bir sıra fərqli xüsusiyyətlər ilə qarşımıza çıxır.
"WhatsApp"ın Android Beta 2.24.13.3 versiyasına gələn yeni funksiya göstərir ki, istifadəçilər artıq öz sevimli kanallarından ikisini öz kanal siyahılarının yuxarı hissəsinə sabitləyə bilərlər. Bununla da, istifadəçilər müntəzəm olaraq ən çox bəyəndikləri kanalları üst sırada görə biləcəklər.
Yeni kanal sabitləmə funksiyasına əlavə olaraq, istifadəçilər indi birdən çox kanalı səssizə almaq, oxunmuş kimi qeyd etmək kimi bir sıra əməliyyatları yerinə yetirə biləcəklər. Hələlik kanallara gələn bu yeni funksiyalar yalnız məhdud sayda WhatsApp Beta istifadəçiləri tərəfindən istifadə edilə bilər. Xüsusiyyətlərin sınaq prosesi problemsiz şəkildə tamamlandıqdan sonra "WhatsApp" bu yeni funksiyaları hər kəs üçün əlçatan edəcək.