Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
OpenAI öz süni intellekt çiplərini istehsal etmək istəyir
ChatGPT-ni inkişaf etdirən OpenAI şirkəti öz süni intellekt çiplərini istehsal etmək istəyir. Reuters-in məlumatına görə, OpenAI hazırda həmin süni intellekt çiplərini istehsal etmək üçün araşdırmalar aparır. Bu prosesdə Nvidia ilə də ortaqlıq qurma ehtimalı olan OpenAI, Microsoft-dan böyük investisiyalar alır.
“X” müxtəlif “Premium” abunə seçimləri üzərində işləyir
Bildirilib ki, şirkət hazırda 3 fərqli “Premium” abunə variantı hazırlayır: “Premium Basic”, “Premium Standard” və “Premium Plus”. Gələcəkdə bunlar dəyişə bilər, lakin hazırda Premium Basic paketində reklam olacağı, Premium Standard paketində 50% az reklam olacağı, Premium Plus paketində isə reklamların tamamilə silinəcəyi bildirilib.
“Apple” 4 yeni iPad təqdim edə bilər
Apple 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində yeni iPad modellərini təqdim edə bilər. Son məlumatlara görə, Apple dörd yeni iPad modeli üzərində işləyir. İndiyə qədər ortaya çıxan bəzi sızıntılar ziddiyyət təşkil edir. Daha əvvəl iPad Mini modelinin artıq hazırlanmayacağı bildirilmişdi. Bununla belə, yeni iPad Air və iPad Pro modelinin çıxacağı dəqiqdir.
Kosmik tullantıya görə ilk dəfə cərimə gəlib
“EchoStar-7” adlı peyk 2002-ci ildə kosmosa buraxılıb. Peyk istismar müddəti bitdikdən sonra Yer kürəsindən 300 kilometr hündürlüyə qaldırılmalı və orada qalmalı idi. Ancaq məlum olub ki, peykin orbitə çıxmağı üçün kifayət qədər yanacağı yox imiş. İndi həmin köhnəlmiş peyk yeni kosmik obyektlərin buraxılması üçün problem təşkil edir. Bu səbəblə, şirkət ABŞ Federal Rabitə Komissiyasına 150 min dollar cərimə ödəməli olacaq.
HÜRJET "afterburner" sınaqlarını tamamladı
"Afterburner" xüsusilə reaktiv təyyarələrdə uçuş zamanı sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir. "Afterburner" testlərindən uğurla keçən HÜRJET, pilot kabinəsində 2 pilotla ilk dəfə sınaq uçuşuna çıxdı. HÜRJET-dəki yanma modulu həmçinin təyyarənin sürətlə qalxmasına imkan yaradır.
PlayStation film tətbiqini təqdim edib
Sony Pictures Core tətbiqi PS5 və PS4 konsolları üçün istifadəyə verilib. Şirkət istifadəçilərin PlayStation 5 və PlayStation 4 konsollarından əldə edə biləcəyi Sony Pictures Core tətbiqində 2000 film və serialın olacağını açıqlayıb. Bunların arasında Spider-Man: Across the Spider-Verse, Spider-Man: No Way Home, Uncharted, The Equalizer, No Hard Feelings, Bullet Train və Ghostbusters: Afterlife kimi filmlər yer alır.