Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Samsung Galaxy S25 Ultra"nın videosu sızdırıldı
Video cihazın dairəvi küncləri və yenilənmiş kamera dizaynını aydın şəkildə göstərir. Sızdırılan məlumatlara görə, telefonun ultra geniş kamerası 50 MP-ə qədər inkişaf etdiriləcək və Snapdragon 8 Elite prosessoru ilə təchiz olunacaq. Rəsmi təqdimatın 23 yanvar 2025-ci ildə baş tutacağı gözlənilir.
"Zoom" rebrendinq prosesinə başladığını elan edib!
Şirkət "Zoom Video Communications" adını dəyişərək "Zoom Communications" kimi fəaliyyət göstərəcək. CEO Erik Yuan "Zoom"un artıq AI dəstəkli iş platforması kimi xidmət göstərəcəyini bildirib. Pandemiyadan sonra populyarlığını qismən itirən şirkət, yeni strategiyası ilə daha geniş həllər təklif etməyə çalışır.
"OPPO Pad 3" təqdim edildi
"OPPO" uzun müddətdir gözlənilən "Pad 3" modelini rəsmi olaraq təqdim etdi. Yeni tablet 11.61 düymlük 2.8K (2800 x 2000 piksel) LCD ekranla təchiz edilib və 144 Hz dəyişkən yeniləmə tezliyi, 700 nit maksimum parlaqlıq kimi xüsusiyyətlər təqdim edir. Cihaz MediaTek Dimensity 8350 prosessoru ilə işləyir və 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş seçimləri təklif edir.
"NVIDIA" yeni AI modeli "Fugatto"nu təqdim edib
"NVIDIA" yazılı əmrlərdən səs faylları hazırlaya bilən yeni AI modeli "Fugatto"nu təqdim edib. "Swiss Army knife for sound" adlandırılan bu model, müxtəlif aksentləri və dilləri tanıya bilən, çoxsəsli audio istehsal edə bilir. Şirkət "Fugatto"nun şeir və ya mahnı prototipləri yaratmaqdan tutmuş oyun üçün fərqli səs versiyalarına qədər bir çox sahədə tətbiq oluna biləcəyini bildirib. Bundan əlavə, bu model dil öyrənmək üçün fərqli aksentlərdə səslər təqdim etmək kimi imkanlar da təklif edir.
"Google Play" keyfiyyətsiz tətbiqlər üçün xəbərdarlıq edəcək
"Google" "Play Store"da keyfiyyətsiz tətbiqlər üçün xəbərdarlıq funksiyası üzərində işləyir. Yeni xüsusiyyət istifadəçilərə bu tətbiqlərin niyə keyfiyyətsiz olduğunu izah edən məlumatlar təqdim edəcək. Məsələn, tətbiqin az istifadəçi sayına, tez-tez silinməsinə və ya məhdud istifadəçi məlumatlarına sahib olması barədə xəbərdarlıqlar göstəriləcək. Bu xüsusiyyət istifadəçilərin potensial olaraq riskli tətbiqlərdən uzaq durmasına kömək edəcək. Hazırda funksiyanın nə zaman təqdim ediləcəyi barədə rəsmi məlumat paylaşılmayıb.