Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Google" Rusiyada cərimələnib
Məhkəmə Rusiyada "Google" axtarış sistemini 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib. "Trend" xəbər agentliyi bildirir ki, Rusiyada "Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Məhkəmə "Google"ın rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək onun qanuna əməl etmədiyinə qərar verib.
“Spotify” dəstəyi "TikTok"a gəlir
Bir çox mahnılar "Tiktok" platforması sayəsində populyarlaşmağa davam edir. Bununla bağlı, "TikTok" musiqilər üçün mühüm bir addım atıb. Müvafiq olaraq, "TikTok" populyar musiqiləri "Spotify" və "Apple Music"ə əlavə etməyə imkan verəcək. Bu addımla TikTok istifadəçilərə tətbiqi tərk etmədən bəyəndikləri mahnıları Spotify siyahısına əlavə etməyi asanlaşdıracaq.
“WhatsApp” ehtiyat nüsxələri artıq Google Bulud hesabında yer tutacaq
Yeni verilən qərara görə, Android cihazlarında WhatsApp ehtiyat nüsxələri Google bulud hesabında yer tutacaq. WhatsApp ehtiyat nüsxələri Google Hesabları, Google Disk, Gmail və Google Foto arasında paylaşılan 15 GB pulsuz kvota ilə hesablanacaq. Böyük fayllar və fotoşəkillər WhatsApp-dan silinərsə, yaddaşdan da silinəcək. Fayllarını silmək istəməyən istifadəçilər Google One vasitəsilə daha çox yaddaş sahəsi almalı olacaqlar.
“Airbnb” 200 milyon dollara süni intellekt startapı alıb
Airbnb süni intellekt startapı olan "GamePlanner"i satın alıb. “Gameplanner.AI” Siri-nin qurucularından biri olan Adam Cheyer tərəfindən 2020-ci ildə təsis edilib. Airbnb-nin CEO-su Brian Chesky bildirib ki, bu süni intellekt vasitəsilə istifadəçilərin səyahət təcrübələrini yaxşılaşdırmaq mümkün olacaq. Qeyd edək ki, bu satınalma 2019-cu ildən bəri şirkətin ilk alışı hesab olunur.
“Cybertruck”ın ilk sahiblərinin avtomobili sata bilməyəcəyi ilə bağlı qanunda dəyişiklik olub
Elektrikli pikap modeli Tesla Cybertruck son zamanlarda maraqlı xəbərlərlə gündəmə gəlməyə davam edir. Bu yaxınlarda Elon Musk Tesla Cybertruck haqqında danışıb və avtomobilin kütləvi istehsalının 2024-cü ildən əvvəl baş verməyəcəyini bildirib. Bir neçə gün əvvəl avtomobilin ilk sahiblərinin Cybertruck-ı sata bilməyəcəyi ilə bağlı məsələ ortaya çıxmışdı. Hazırda dəqiq məlumat verilməsə də, şirkətin bu prosesi ləğv etdiyi bildirilib.