Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
WhatsApp-da qrup adı qeyd etməyə ehtiyac qalmayacaq
WhatsApp yeniləməsində qrup adlarının təyin edilməsi ilə bağlı bəzi dəyişikliklər edəcək. Yeniləmədən sonra qrup yaradarkən ad müəyyənləşdirmək öhdəliyi aradan qalxacaq. WhatsApp süni intellektin dəstəyi ilə sizin üçün qrup adı müəyyən edəcək. Adlar qrup üzvlərinə əsasən avtomatik olaraq yaradılacaq. Qrup adı yaradılarkən hər bir üzvün adı qrup adminin kontaktında qeyd edildiyi kimi nəzərə alınacaq. Əgər qrup admini üzvlərini öz telefonuna qeyd etməyibsə, həmin şəxsin adının əvəzinə telefon nömrəsi görünəcək. Hazırda WhatsApp qrupuna maksimum 1024 üzv qoşula bilər. Adsız qruplarda bu say 6 nəfərdən ibarət olacaq.
Twitch TikTok-un məşhur formatını sınaqdan keçirir
“Discovery feed” adı altında istifadəçilərin ixtiyarına veriləcək yeni xüsusiyyətdə streamerlərin məşhur qısa videoları yer alacaq. Bu xüsusiyyət sayəsində streamerlərin canlı yayımlarındakı maraqlı hissələr daha çox istifadəçi qarşısına çıxacaq. Bununla da streamerlər qısa videoları ilə tanış olan izləyiciləri kanallarına cəlb edə biləcəklər.
Sony yeni portativ oyun konsolunun adını və qiymətini açıqlayıb
Sony əvvəllər “Project Q” kimi tanınan portativ cihazının adının "PlayStation Portal" olduğunu açıqladı. Bildirilib ki, bu cihaz tamamilə müstəqil oyun konsolu olmaq əvəzinə PS5-ə inteqrasiya ediləcək. Cihaz Wi-Fi vasitəsilə PlayStation 5 oyunlarını oynamağa imkan verir. "PlayStation Portal" 8 düymlük LCD ekran və 1080p 60 FPS kimi xüsusiyyətlərə malikdir. Şirkət "PlayStation Portal"ın bu ilin sonuna doğru çıxacağını bildirib. Cihazın qiyməti 199.99 $ olaraq müəyyən edilib.
YouTube-da mahnıları zümzümə edərək tapa biləcəksiniz
Youtube istifadəçilərin mahnıları zümzümə edərək tapması üçün yeni axtarış sistemi üzərində işləyir. Bu yeni funksiya YouTube-u Shazam kimi səsli axtarış üçün istifadə etməyə imkan verəcək. İstifadəçi ən azı 3 saniyə zümzümə edərək axtardığı mahnını anında tapa biləcək. Sınaq mərhələsində olan bu xüsusiyyətin nə zaman əlçatan olacağı hələ ki dəqiq deyil.
Samsung ChatGPT alternativi üzərində işləyir
İlin əvvəlində yaşanan problemlərə görə Samsung işçilərinə ChatGPT və Google Bard kimi AI çatbotlarından istifadəni qadağan etdi. Bunun üzərinə şirkət öz məhsuldar süni intellekt çatbotunu inkişaf etdirməyə başladı. İlk mərhələdə yalnız şirkət daxilindəki istifadəçilər üçün nəzərdə tutulan çatbotun rəsmi təqdimatının sentyabrın 12-də ediləcəyi bildirilib.