Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Elon Musk X-in bank kimi istifadəyə verilməsi üçün tarix verdi!
Elon Musk X-i hər şeyin tətbiqinə çevirmək üçün planlarına davam edir. Bu məqsədlə, Musk X əməkdaşları ilə görüş keçirib. Görüşün nəticəsi olaraq bildirilib ki, platforma 1 il ərzində maliyyə xidmətləri göstərəcək. Qeyd edilib ki, Musk-ın bu planı adət etdiyimiz bank sistemindən bir qədər fərqli olacaq.
Artıq səsli və video zəng funksiyası X-də mövcuddur!
X son aylarda səsli və video zəng funksiyalarının gələcəyini açıqlamışdı. İstifadəçilərin telefon nömrəsinə ehtiyac olmadan platforma vasitəsilə zəng etmələrini təmin edən bu funksiya artıq istifadəyə verilib. Bu funksiya tətbiqdə bir çox istifadəçi üçün əlçatan olsa da, hələ bütün istifadəçilər üçün aktiv deyil.
Threads-ə GIF və sorğu xüsusiyyəti gəldi
Meta-nın X-ə rəqib platforması Threads tətbiqə yeniliklər əlavə etməyə davam edir. Mark Zuckerberg Threads-ə GIF və sorğu funksiyalarının əlavə edildiyini açıqlayıb. İstifadəçilər artıq GIF ilə və ya izləyicilərinin fikirlərini öyrənmək üçün sorğu ilə postlar paylaşa biləcəklər.
Xiaomi 14 seriyası və HyperOS təqdim edildi
Xiaomi yeni məhsulları üçün keçirdiyi tədbirdə Xiaomi 14, Xiaomi 14 Pro, Pure Titanium Xiaomi 14 Pro və yeni əməliyyat sistemi HyperOS proqramını təqdim edib. Xiaomi 14 Pro modeli Android 14 əsaslı HyperOS əməliyyat sistemi ilə və 4880 mAh tutumlu akkumulyatorla təchiz edilib. Bu modeldə istifadə edilən titan digər telefonlar kimi metal örtüyə sahib deyil. Arxa korpus 99 % saf titandan hazırlanıb.
Yeni MacBook modelləri üçün məlumatlar gəlməyə başladı
Analitik Ming-Chi Kuo-dan əvvəlcədən gələn məlumata görə, büdcəyə daha uyğun MacBook modeli 2024-cü ildə satışa çıxarılacaq. İddialara görə, bu model 12 düym və 13 düym ölçülərində və qiyməti təxminən 700 dolların altında olacaq. Yeni modellərin böyük ehtimalla M1 prosessoru ilə təchiz ediləcəyi gözlənilir.