Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara SMS-lər göndərib. Bəs niyə?
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara onlayn hesabların təhlükəsizliyinin təmin edilməsi məqsədilə SMS-lər göndərir. Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir. Qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır.
"Technest” və Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsində təlim təşkil edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd Proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan 15 gənc İKT sahəsi üzrə məzun olub. “Technest” və Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən təlimlərdə “IT helpdesk” mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək.
McDonald's və Tesla-dan maraqlı qaşıq dizaynı!
McDonald's və Tesla "Cyber Spoon" adlı qaşıq istehsal ediblər. Məlum olub ki, Tesla və McDonald's tərəfindən istehsal olunan qaşıq Teslanın yeni nəsil avtomobili Cybertruck-dan ilhamlanıb. McDonald's-ın Çindəki sosial media hesablarında qaşığın reklamı edilib. Çin bazarında istehsal olunan 50 min qaşığın qiyməti 4 $ olaraq müəyyən edilib. Elon Musk X hesabında bu xəbərlə bağlı "fake news" deyərək bunu yalanlayıb.
Cybertruck-ın disk-təkəri sınaqlar zamanı qopub
Teslanın illərdir bazara çıxarmaq üçün hazırladığı Cybertruck-ın sınaqlarından birində onun disk-təkəri magistral yola uçub. YouTube-da yayımlanan nəzarət kamerası videosu elektrik Cybertruck-ın hadisəni qeydə alarkən sürətin ikinci zolağında olduğunu göstərir. Hadisə həm avtomobilin özü, həm də təkər dizaynı ilə bağlı bir sıra narahatlıqlara səbəb olub.
Yazarlar GPT-yə görə OpenAI-ı yenə məhkəməyə verib
ABŞ-da tanınmış yazarlar əsərlərinin GPT-nin təlimində istifadə edildiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb. Bu dəfə Michael Chabon, David Henry Hwang, Rachel Louise Snyder və Ayelet Waldman OpenAI-ı şikayət ediblər. Müəlliflər iddia edirlər ki, onların məzmunu GPT-nin öyrədilməsində icazəsiz və qeyri-qanuni istifadə olunub.
Xbox öz kredit kartını çıxaracağını açıqladı
Microsoft-un bloq səhifəsində yeni məqalə dərc olunub. Bu məqaləyə görə, Xbox öz kredit kartını çıxaracaq. Şirkətin “Xbox Mastercard” kimi təqdim etdiyi kart oyunçulara bir çox üstünlüklər verəcək. Bu addım oyunçuların Xbox-dan daha çox faydalanmasına və daha çox alış-veriş etməsinə səbəb olacaq.
WhatsApp-ın sevilən xüsusiyyəti Google Mesajlarına gəlir
Siz hazırda tətbiqdən istifadə etdiyiniz telefondan başqa hər hansı digər cihazda Google Mesajlarda mesaj oxuya, göndərə və ya qəbul edə bilməzsiniz. Görünür, Google bu məhdudiyyəti aradan qaldırır. Tezliklə WhatsApp kimi Google da birdən çox cihazdan Google Mesajlardakı söhbətlərə daxil olmaq imkanı verəcək.