Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"GTA 6" PC versiyası 2026-cı ildə çıxa bilər!

"Rockstar Games"in böyük maraqla gözlənilən oyunu "GTA 6" 2025-ci ilin payızında "PlayStation 5" və "Xbox Series X/S" üçün təqdim oluna bilər. Bununla belə, PC versiyasının 2026-cı ilin əvvəlində çıxacağı ehtimal edilir.
"Half-Life 2" və "Dishonored"un baş dizayneri Viktor Antonov vəfat edib

Məşhur oyun dizayneri və "Half-Life 2"nin baş dizayneri Viktor Antonov 52 yaşında dünyasını dəyişib. Keçmiş "Valve" yazıçısı Marc Laidlaw sosial mediada bu xəbəri təsdiqləyərək Antonovun vəfat səbəbi barədə məlumatının olmadığını bildirib. Antonov "Half-Life 2", "Dishonored", "Fallout 4", "Doom" və "Prey" kimi oyunların vizual dizaynında mühüm rol oynayıb. O, "Valve"dən ayrıldıqdan sonra "Arkane Studios"da çalışaraq "Dishonored" və "The Crossing" layihələrinə töhfə verib.
"Steam"də zərərli proqrama sahib oyun aşkarlandı

"Steam" platformasında yayımlanan pulsuz "PirateFi" adlı oyun zərərli proqram olduğu üçün silinib. Oyunun "Seaworth Interactive" adlı saxta bir inkişaf etdirici tərəfindən yükləndiyi və şəkillərinin başqa bir oyundan oğurlandığı müəyyən edilib. "SteamDB" məlumatlarına görə, oyun 800-1,500 nəfər tərəfindən yüklənib və bəzi antivirus proqramları onu "Trojan.Win32.Lazzzy.gen" kimi tanıyıb. "Valve" oyunu yükləmiş istifadəçilərə sistemlərini antivirus proqramı ilə yoxlamalarını və lazım gəldikdə "Windows"u yenidən qurmalarını tövsiyə edib.
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti artıb
Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 2024-cü ildə 65.6 Mbit/s-ə çatıb. Bu göstərici 2023-cü illə müqayisədə 30.3 Mbit/s artım deməkdir. Məlumat Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Speedtest Global Index"ə əsasən paylaşılıb.
NBA-də inqilab: Robotlar basketbolçulara dəstək olur
NBA komandaları oyunçuların məşq prosesini daha səmərəli etmək üçün süni intellektlə təchiz olunmuş A.B.E. (Automated Basketball Engine) adlı robotlardan istifadə etməyə başlayıb. Bu robotlar topu geri qaytarır və oyunçulara dəqiq ötürmələr edərək onların atış texnikasını təkmilləşdirməsinə kömək edir. Golden State Warriors ulduzları Stephen Curry və Draymond Green, baş məşqçi Steve Kerr ilə birlikdə bu texnologiyanı gündəlik məşqlərinə inteqrasiya ediblər.