Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"SpaceX" bu il 97 buraxılışla rekord qırır
2023-cü ildə "SpaceX" planetimizin orbitinə müxtəlif faydalı yüklər daşıyan 90 "Falcon 9" missiyasını işə saldı. O, həmçinin 4 "Falcon Heavy" raketini buraxıb və ilin sonuna kimi daha 3 raketin buraxılması (2 “Falcon 9” və 1 “Falcon Heavy”) planlaşdırılır. Şirkətin gələn il daha çox buraxılış edərək yenidən rekord qıracağı gözlənilir.
“Warner Bros Discovery” “BluTV”ni satın aldı!
"Warner Bros Discovery" əvvəllər onlayn məzmun platforması BluTV-nin 35 % səhmdarı idi. Ancaq paylaşılan son məlumata görə, bu vəziyyət dəyişib. Rəqabət Qurumunun paylaşdığı elana görə, "Warner Bros Discovery" onlayn məzmun platforması "BluTV"ni alıb. Bəyanatda müqavilənin maliyyə hissəsi ilə bağlı hər hansı bir təfərrüata yer verilməyib.
"WhatsApp" status paylaşımını veb versiyasına gətirir
"WABetaInfo" tərəfindən verilən məlumata görə, istifadəçilər tezliklə “WhatsApp”ın veb versiyasında status paylaşa biləcəklər. Hazırda beta testində olan sistem çox güman ki, 2024-cü ilin birinci rübünün sonuna qədər hər kəs üçün aktiv olacaq.
"Instagram"a animasiyalı emojilər gəlir
"Instagram" üçün tezliklə animasiyalı emojilər və bir sıra yeni xüsusiyyətlər əlçatan olacaq. DM üçün hazırlanmış bu infrastrukturda animasiyalı emojiləri mesaj daxilində göndərmək mümkün olacaq. Platforma üçün başqa yeniliklər üzərində də işlər görülür. Məsələn, söhbət etdiyiniz istifadəçilər ilə canlı məkanı paylaşma funksiyası da tezliklə aktiv olacaq.
Google "Nearby Share" funksiyasının adını dəyişib
Google fayl paylaşma xidməti "Nearby Share"nin adını "Quick Share" olaraq dəyişib. Yenilənmədən sonra istifadəçilərə göndərilən bildirişdə tətbiqin adının "Quick Share" olaraq görünəcəyi bildirilib. Bununla belə, tətbiqin yeni ikonasının da olacağı qeyd olunub. Dəyişikliyə baxmayaraq, xidmətin funksionallığı əvvəlki kimi qalacaq.
“Apple Vision Pro”nun çıxış tarixi məlum olub
“Apple Vision” Pro VR başlıq modelinin buraxılışı ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Mark Qurmanın verdiyi məlumata görə, məhsul hazırda kütləvi istehsal prosesindədir və fevral ayında xüsusi olaraq ABŞ-da satışa çıxarılacaq. "Apple" iddialara görə, 2024-cü ili cəmi 1 milyona yaxın Vision Pro istehsalı və təslimatı ilə bağlamağı hədəfləyir.