Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir
Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Çin Azərbaycana günəş panelləri ixrac edib
Çin Azərbaycanda günəş elektrik stansiyası üçün panellər tədarük edib. Bu barədə “China Media Group” korporasiyasının azərbaycandilli CGTN kanalına açıqlamasında “Masdar Azerbaijan”ın direktoru Murad Sadıqov bildirib.
“Söhbət Qaradağ günəş elektrik stansiyasından gedir. Onun təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib. Bu strateji obyekt Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən reallaşdırılıb. Stansiyanın gücü 230 MVt-dır. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Azərbaycana xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.
Bu layihə üçün panelləri Çinin “Longi” şirkəti tədarük edib. Ümumiyyətlə, Çində günəş panellərinin kütləvi istehsalı qlobal panel qiymətlərini 80 faiz azaldıb və bu enerji növünü milyonlarla insan üçün əlçatan edib”, - deyə M.Sadıqov qeyd edib.
Getty Muzeyi 80.000-dən çox incəsənət əsərini pulsuz istifadəyə verib
Getty Muzeyi təxminən 88.000 sənət əsərini pulsuz yükləmək və internetdə istifadə etmək üçün əlçatan edib. Muzeyin rəqəmsal arxivlə bağlı açıqlaması belədir:
“İstifadəçilər heç bir qanuni məhdudiyyət olmadan öz sevimli Getty sənət əsərlərinin yüksək keyfiyyətdə təqdim edilmiş təsvirlərini yükləyə, redaktə edə və yenidən dizayn edə bilərlər".
Getty istifadəçilərə rəssam adı, tarixi, mədəniyyəti, ölçüsü, obyekt növü və s. üzrə axtarış etməyə imkan verən istifadəçi dostu platforma hazırlayıb. Muzey daha çox əsər əldə etdikcə bu resursu genişləndirməyə davam edəcəyini açıqlayıb.
“Google Maps”ə yeni süni intellekt xüsusiyyətləri gəlir
“Google” Maps və Axtarış xidmətinə yeni məhsuldar süni intellekt xüsusiyyətləri gətirəcəyini açıqlayıb. Birinci xüsusiyyət “Google Maps” üçün nəzərdə tutulub. Tətbiq istifadəçilərə harada yemək və hara baş çəkmək barədə tövsiyələr verəcək. Bundan əlavə, həftəlik yenilənən “Trendlər” adlı xüsusiyyət də əlavə olunacaq. Xəritənin yeni funksiyaları hazırda ABŞ və Kanadanın 40 şəhərində əlçatandır.
Google Axtarış süni intellektlə sizin üçün səyahət planı yaradacaq
Google-un süni intellekti axtarış sisteminə inteqrasiya etməyə çalışdığını bilirik. Bunun üçün hazırda sınaq mərhələsində olan SGE (Productive Search Experience) tətbiq edilib. Bu əlavə funksiyadan hazırda yalnız SGE-də qeydiyyatdan keçmiş şəxslər istifadə edə bilər.
Yeni funksiya sizə səyahət planı təqdim edir. Bunlara uçuş və otel seçimləri, yemək üçün yerlər və ziyarət ediləcək yerlər cədvəli daxildir. Şirkət tərəfindən paylaşılan görüntülərdən görürük ki, məhsuldar süni intellekt hətta 3 günlük səfərdə nə edəcəyinizi planlaşdırır. Məsələn, səhər tarixi bir yerə baş çəkməyinizi söyləyərkən, günorta başqa bir yeri görməyi təklif edir.
"X"də ödənişli funksiyalar bəzi istifadəçilər üçün pulsuz olacaq
Elon Musk qeyd edib ki, müəyyən sayda izləyicisi olan istifadəçilər yalnız abunəçilərə təklif olunan xüsusiyyətlərə pulsuz giriş əldə edəcəklər. Mövcud olan son xüsusiyyətlərdən biri xAI-ın Grok AI çatbotundan istifadə etmək imkanıdır.
"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Kapital Bank”ın və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə "GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Yarışın final mərhələsi mayın 1-2-də baş tutacaq.
Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya https://atu.edu.az/ greentech linkindən istifadə edə bilərlər.
Qeydiyyat üçün son tarix aprelin 23-dür.