Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Reddit və OpenAI əməkdaşlıq edib!
Bütün dünyada geniş istifadəçi bazası olan Reddit gün ərzində demək olar ki, hər mövzuda məzmun hazırlayır. Bu məzmunların müxtəlif mövzularda olması və geniş auditoriyaya müraciət edə bilməsi platformanı fərqli bir nöqtəyə aparır.
OpenAI bu vəziyyəti fürsətə çevirmək üçün bir addım atdı. Platformanın zəngin məzmunu onu süni intellekt modellərini öyrətmək üçün ən ideal resurslardan birinə çevirir. Tərəfdaşlığa əsasən, Reddit-in Data API-si OpenAI üçün əlçatan olacaq.
ChatGPT-nin yeni xüsusiyyəti işinizi daha da asanlaşdırır
ChatGPT Google Drive və Microsoft OneDrive-dan fayllara birbaşa daxil olmaq imkanı qazanıb. Beləliklə, istifadəçilər birbaşa OneDrive və ya Google Drive-dan lazım olan faylları seçərək istifadə edə biləcəklər.
Twitter-dan əsər-əlamət qalmadı!
Elon Musk Twitter platformasının artıq tamamilə X olduğunu açıqlayıb. Belə ki, Twitter.com rəsmi olaraq ləğv edilib. Saytdakı bütün əməliyyatlar artıq x.com çətiri altında həyata keçiriləcək.
Azərbaycanın suvarma sistemlərinin rəqəmsal xəritəsi hazırlanacaq
Peyk təsvirləri və kosmik həllərdən istifadə etməklə Azərbaycanın aktiv kənd təsərrüfatı ərazilərində əkin növlərinin xəritəsi, o cümlədən pivot suvarma sistemlərinin coğrafi məlumat bazasının yenilənməsi üzrə rəqəmsal xəritəsi hazırlanacaq.
Bu məsələ Kənd Təsərrüfatı Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") arasında imzalanmış əməkdaşlığın genişləndirilməsi üzrə Anlaşma Memorandumunda əksini tapıb. Sənəd hazırda Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (“Caspian Agro”) imzalanıb.
Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində peyk təsvirləri əsasında iqlimin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi işlərinin aparılmasıdır. Məlumdur ki, kənd təsərrüfatı hava və iqlimə çox həssas olan sahədir. İqlim dəyişiklikləri (temperatur, yağıntı və şaxta vaxtı kimi) bitkilərin vegetasiya dövrünü uzadır və ya bəzi bölgələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının əkinçilik imkanlarını çətinləşdirir, aqroekosistemə mənfi təsir göstərir.
Hazırda qlobal miqyasda kənd təsərrüfatı əməliyyatlarının təxminən 30 %-40 %-də məhsuldarlığı və əkin sahələrinin davamlılığını artırmaq üçün peyk məlumatlarından istifadə olunur. Bu peyklər vasitəsilə məhsulun sağlamlığının monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, su ehtiyatlarının idarə edilməsi və zərərvericilərin aşkarlanması daxil olmaqla, dəqiq əkinçilik üçün mühüm məlumatlar əldə edilir.
TikTok 60 dəqiqəlik video funksiyasını sınaqdan keçirir
TikTok 15 dəqiqəlik videolarından sonra 60 dəqiqəlik video xüsusiyyətini sınaqdan keçirməyə başlayıb. Hələ sınaq mərhələsində olan xüsusiyyət seçilmiş ölkələrdə məhdud istifadəçilərə təklif edilib. Testləri bir müddət davam etdirmək istəyən şirkətin bu xüsusiyyəti yaxın zamanda bütün istifadəçilərə təqdim etməsi gözlənilmir.