Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Çinin elektriklə işləyən insanabənzər robotu təqdim olunub
Tiangong adlı robot tam elektrik olmaqla yanaşı, yüngül dizayna sahib olması onu qaçış üçün kifayət qədər bacarıqlı edir. Təbii qaçış hərəkətləri xüsusi proqram təminatı ilə mümkün olur. Tiangongun təbii qaçış qabiliyyəti xilasetmə əməliyyatlarından tutmuş istehsal obyektlərinə qədər bir çox sahədə faydalı ola bilər. Tiangong görmə qabiliyyəti olmasa belə, yamaclarda və pilləkənlərdə heç bir problem olmadan gedə bilir. Bundan əlavə, büdrəyəndə və ya yıxılanda addımlarını tez tənzimləmək qabiliyyətinə malikdir.
13.800 dollarlıq lüks elektrik avtomobili təqdim olunub
Elektrik avtomobil istehsalçısı Wuling avtomobil dünyasını təəccübləndirən yeni bir addım atıb. Əlverişli qiymətə dəbdəbəli Starlight EV elektrik avtomobili Pekin avtosalonunda təqdim edilib. Üstəlik avtomobilin qiyməti cəmi 13 min 800 dollardan başlayır. Bu qiymət Starlight EV-ni bazarda ən əlçatan elektrikli avtomobillərdən birinə çevirir.
Azərbaycanda “E-Şikayət” sistemində karqo üzrə şikayətlər qəbul olunacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir. Qeyd olunub ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər.
Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.
Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir. Ötən ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.
Discord 620 milyon istifadəçiyə təsir edən məlumat sızması iddiasına cavab verib
404 Media-nın hesabatına görə, Discord-un bəzi ən böyük serverlərində istifadəçilərin və mesajların botlar tərəfindən izləndiyi iddia edilib. Hesabata görə, Discord-un bəzi ən böyük serverlərində bu botlar tərəfindən toplanan 4 milyarddan çox ictimai mesaj 620 milyon istifadəçinin mesajlarını əhatə edib. Discord bu hesabları qadağan etdiyini və qanuni tədbirlər görəcəyini qeyd edib.
Son beş gündə Elon Musk-ın sərvəti 37,3 milyard dollar artıb
Son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “X”in sahibi Elon Musk-ın sərvəti 37,3 milyard dollar artıb. Bu barədə “Bloomberg Billionaires Index” məlumat verib. Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artım olub.
Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini artırıb. Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb. Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb.