nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə başladılan “Rəhbərlər üçün Rəqəmsal Akademiya” proqramının Dövlət Sektorunun Rəqəmsal Transformasiyası üzrə Strateji Sessiyası baş tutub. Təlimlərin yeni sessiyasında 44 dövlət qurumundan nazir müavinləri və müşavirləri də daxil olmaqla, 60-a yaxın rəhbər şəxs iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İRİA tərəfindən davamlı şəkildə keçirilən “Rəqəmsal Akademiya” təlim proqramının ölkənin rəqəmsal gələcəyinin formalaşdırılması istiqamətində mühüm addım olduğunu bildirib. Samir Məmmədov: “Bu təlimlər dövlət qurumları arasında koordinasiyanı gücləndirir və beləliklə dövlət sektorunda rəqəmsal transformasiya üzrə prioritetlərə yeni baxışın formalaşdırılmasına əhəmiyyətli töhfə verir”.
Daha sonra İRİA sədrinin müavini Şahin Əliyev Azərbaycanın 2025 – 2027-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Konsepsiyası (RİK) haqqında təqdimatla çıxış edib. Təqdimatda ölkədə rəqəmsal inkişafın əsas sütunlarını təşkil edən rəqəmsal hökumət, cəmiyyət və biznes istiqamətlərində fəaliyyətin əsas hədəf göstəriciləri, RİK əsasında keçirilmiş tədbirlər və icra olunan layihələr haqqında ətraflı məlumat verilib. Şahin Əliyev, həmçinin müxtəlif dövlət qurumları ilə əməkdaşlıq nəticəsində razılaşdırılan Rəqəmsallaşma üzrə Yol Xətirələrinin icra statusunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Rəqəmsal Akademiya”nın budəfəki təlimləri Almaniyanın aparıcı ictimai siyasət məktəbi olan “Hertie School”un ekspertlərinin də iştirakı ilə keçirilib. Belə ki, “Hertie School”un Rəqəmsal İdarəetmə Mərkəzi və İctimai İdarəetmə üzrə magistr proqramının təsisçi direktoru Gerhard Hammerşmidt və digər ekspertlərlə interaktiv sessiyalar zamanı rəqəmsal transformasiyada yeni tendensiyalar və fərqli ölkələrin uğur nümunələri, o cümlədən üzləşdikləri çətinliklər haqqında əhatəli fikir mübadiləsi aparılıb. Ekspertlər çıxışlarında rəqəmsal transformasiyanın dövlət idarə etməsində effektivliyini və ölkələrin rəqabət qabiliyyəti üçün vacibliyini vurğulayıblar.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayından etibarən davamlı şəkildə keçirilən “Rəqəmsal Akademiya”nın yeni təlim proqramı dövlət qurumlarının rəhbər şəxsləri üçün nəzərdə tutulub. Sessiyalar zamanı Azərbaycan hökumətinin prioritetləri ilə uzlaşan rəqəmsal inkişafın uzunmüddətli tendensiyalarının müzakirəsi, Avropa və Yaxın Şərqdən müvafiq nümunələrin təhlili həyata keçirilib. Proqram çərçivəsində növbəti aylarda Səudiyyə Ərəbistanı, Sinqapur və Almaniyada yerləşən tərəfdaş qurumlara səfərlər və həmin ölkələrdəki dövlət sektorunun rəqəmsal transformasiya təcrübəsi ilə tanışlıq nəzərdə tutulub.