Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
Mayın 31-dən iyunun 3-dək Bakıda və Şuşada keçirilən “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”ın əməkdaşlığı ilə Bakı Kristal Zalında “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil edilib.
Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videoçıxışı dinlənilib.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyi bu layihəni ICESCO ilə birlikdə icra etməkdədir: "Çox şadıq ki, bu platforma irimiqyaslı layihəyə çevrilib. Biz gələcəkdə bu platformanı inkişaf etdirmək üçün yeni təşəbbüslər irəli sürəcəyik".
Azərbaycanla ICESCO arasında əməkdaşlığa toxunan nazir müavini söyləyib ki, bu günə kimi ölkəmizin bu qurumla məhsuldar əməkdaşlığı olub: "Buna nümunə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasını qeyd edə bilərik. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi mötəbər bir hadisədir. Sizlər sabah Şuşaya səfər zamanı bu qədim şəhərimizin necə bariz bir şəkildə islam mədəniyyətini ehtiva etdiyini öz gözlərinizlə görəcəksiniz".
ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif qonaqpərvərliyə görə ölkəmizə təşəkkür edib, dünya finalında iştirak edən komandalara uğurlar arzulayıb. Tədbir çərçivəsində layihə iştirakçılarının Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olacağına əminliyini bildirib.
"New Space Open Innovation”ın təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib. Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf üzrə təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir: "Biz 3 il əvvəl bu layihəyə başlayanda heç təsəvvür edə bilməzdik ki, bu gün Azərbaycanda belə möhtəşəm dünya finalı keçiriləcək. Dünya finalında 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan 30-dan çox innovativ komanda iştirak edir. Finalın ümumi mükafat məbləği 30 min ABŞ dollarıdır".
Çıxışlardan sonra startap komandaları öz ideyalarını təqdim ediblər.
Qaliblərin adlarına iyunun 3-də Şuşada keçiriləcək mükafatlandırılma mərasimində aydınlıq gələcək.
Qeyd edək ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.
Paytaxtın əsas küçə və prospektlərinə "ağıllı işıqforlar" gələ bilər
Bu barədə NİİM-in Mətbuat Xidmətinin rəhbəri Ömər Xıdırov "oxu.az" müsahibəsində qeyd edib:
"Bizim əməkdaşlar mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərə qatılır və onların təcrübələrini öyrənirlər. Qarşıda duran əsas məqsədlərdən biri yaxın zamanlarda paytaxtın əsas küçə və prospektlərində "ağıllı işıqforlar"ın (adaptiv) quraşdırılmasıdır".
"Bakıda nəqliyyatın rəqəmsal yanaşmalarla tənzimlənməsi sahəsində işlər görülür. Bu məqsədlə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı işıqforlar"ın tətbiqi istiqamətində bir neçə xarici dövlətin təcrübəsi araşdırılır. Buna görə həmin ölkələrə səfərlər təşkil edilir. Bu işıqforlar olduqdan sonra yollara quraşdırılan detektorlar vasitəsilə işıqforun kontrolleri mövcud vəziyyəti qiymətləndirəcək və hərəkətin tənzimlənməsini özü həyata keçirəcək. Məsələn, hansısa küçə və prospektdə sıxlıq varsa, həmin yola "yaşıl dalğa" verilməsinə ehtiyac olmayacaq. Bu istiqamətdə işlər davam etdirilir. Ən qısa zamanda bunun tətbiqinə başlanılacaq".
“Apple” bu il təqdim ediləcək məhsullara yenisini əlavə edib
"Apple" iPad ailəsinin ən kiçik üzvünün yeni bir versiyasını təqdim etməyə hazırlaşır. 2021-ci ildə təqdim olunan son modelin ardından istehlakçılar 2024-cü ildə gələcək iPad Mini 7-nin yeniliklərini gözləyirlər.
“Nvidia” yeni AI çiplərini elan edib
Şirkətin baş direktoru “Computex” sərgisində istehsalı 2025-ci ildə nəzərdə tutulan “Blackwell Ultra” çipini və 2026-cı ildə əlçatan olacaq “Rubin” adlı yeni nəsil platformasını təqdim edib. Şirkət həmçinin Tayvanda keçirilən “Computex” sərgisində yeni alətlər və proqram modellərini də nümayiş etdirib. “Nvidia” süni intellektin inkişafını sənaye inqilabı kimi qiymətləndirir və bu prosesdə mühüm rol oynamaq üçün yenilikçi ideyaları ilə dayanmadan gündəmə gəlməyə davam edir.
6 barmağa sahib olsaq, necə olardı?
Dani Clode-nin "üçüncü baş barmaq" layihəsi elan edildikdə çox səs gətirmişdi. Layihənin son versiyası bir neçə gün əvvəl "Royal Society Summer Science Exhibition"da təxminən 600 nəfər tərəfindən sınaqdan keçirildi. Qeyd olunub ki, iştirakçılar cihazın istifadəsini tez bir zamanda başa düşərək müxtəlif obyektləri əldə etməyi bacarıblar.