Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Elon Musk insanları Marsa necə köçürəcəyini izah edib
Elon Musk "SpaceX" tərəfindən təşkil edilən mini tədbirdə həyatı çox planetli etməyə başlamaq üçün son planlarından danışıb. Belə ki, Musk yaşam üçün ən yaxşı planet kimi gördüyü Marsa ən azı 1 milyon insan göndərmək istəyir.
Onun sözlərinə görə, bu, dərhal baş verməyəcək və ciddi səbir və səy tələb edəcək. Çünki Mars planetini müstəmləkə vəziyyətinə salmaq üçün 20 illik müddətə ehtiyac olduğu deyilir. Bununla belə, Marsda yaşamağa başlayacaq insanlar və materiallar Starship 3 kosmik gəmisi ilə daşınacaq.
Ölkəmizdə 30 milyon manatdan çox ƏDV geri qaytarılıb
Aprelin 1-nə qədər Azərbaycanda istehlakçılara nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 7 793 müraciət üzrə 30,4 milyon manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşlardan İnternet Vergi İdarəsində yaradılmış müvafiq portal üzərindən ümumilikdə 14 min 927 müraciət daxil olub. Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər 1 191 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edib ki, bunlardan 761-i təsdiqlənib. Vətəndaş məmnunluğunun artırılması məqsədilə 2023-cü ilin sentyabr ayından etibarən geri qaytarılan vəsaitlər şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bununla da əvvəllər adıçəkilən sahədə mövcud olan bir sıra çətinliklər aradan qaldırılıb.
Vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə edilir. Bunlar, əsasən, son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatında e-qaimənin məlumatlarının göstərilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.
Bundan başqa, Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə də müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.
Google Android tətbiqinin dizaynında dəyişikliklər etməyə hazırlaşır
Google tətbiqinin ən son sınaq versiyasında məlum olub ki, axtarış paneli indi alt naviqasiya panelinin bir hissəsi olacaq. Axtarış panelinin əslində alt sətirə keçməsi təəccüblü görünmür. Smartfonların ekran ölçüləri artmağa davam etdikcə yuxarı elementlərə çatmaq çətinləşir. Aşağı hissə həm tək əllə, həm də ümumi istifadəni asanlaşdırır.
Google bu dəyişiklikləri aktiv şəkildə sınaqdan keçirir. Bununla belə, rəsmi olaraq istifadəyə verildiyi təqdirdə, alt panel Android üçün axtarış və naviqasiyanı daha rahat edəcək.
Xiaomi-dən yeni nəsil şarj adapteri!
Xiaomi tərəfindən istifadəçilərin ehtiyacları əsasında hazırlanmış "Little Puding" asan daşınması üçün yığcam dizayna malikdir. Kiçik ölçüsünə görə yalnız tək portu olan cihazın ölçüləri 34mm x 34mm x 53mm olaraq açıqlanıb. 120 Vt-a qədər sürətli doldurma təklif edən adapter "Gallium Nitride" materialı sayəsində analoqlarından daha yüksək effektivliyə nail ola bilir.
"Tiktok" yeni tətbiqini istifadəyə verməyə hazırlaşır
TikTok istifadəçilərin yüklədiyi şəkilləri yeni "TikTok Notes" tətbiqinə köçürməyi planlaşdırır. Şirkət əvvəllər "TikTok Photos" adlı tətbiqi sınaqdan keçirirdi, lakin görünür, funksiyanın adı “TikTok Notes” olaraq dəyişib.
Olimpiadalara xüsusi hazırlıq proqramından 3 region üzrə 90 şagird yararlanıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində riyaziyyat və informatika fənni üzrə respublika və beynəlxalq olimpiadalara xüsusi hazırlıq proqramı həyata keçirilir. Artıq Quba, Şəki və Gəncə olmaqla 3 regionun FRİTL-ində (Fizika, riyaziyyat, informatika təmayüllü liseydə) ümumilikdə 90 nəfər 7 və 8-ci sinif şagirdlərinə fənn olimpiadaları üçün hazırlıq təlimləri təşkil olunub. Təlimlər 2023-cü ilin aprel ayından başlayaraq 6 ay müddətində hibrid formada davam edib. Xüsusi hazırlıq proqramını bitirən 15 nəfər Respublika Fənn Olimpiadalarında finalçı olaraq yer tutublar. Onlardan 5 nəfər isə Türkmənistanda keçirilən beynəlxalq olimpiadada iştirak haqqı əldə edib.
5 mart 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva olimpiada iştirakçıları ilə görüşüb və gəncləri əldə etdikləri akademik nailiyyətlər münasibətilə təbrik edib. Görüşdə olimpiadaçılar öz gələcək təhsil və karyera hədəfləri ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, olimpiadalara xüsusi hazırlıq proqramı proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir. Əsas məqsəd perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq, bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır.