Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
İkinci xəstə üçün "Neuralink" əməliyyatı uğurla gerçəkləşib
Elon Musk "Neuralink" implantasiya sınağının ikinci xəstəsi üçün "çox yaxşı" getdiyini qeyd edib. Mask daha sonra bildirib ki, "Neuralink" bu il ümumilikdə 10 xəstə üzərində əməliyyat aparmağı planlaşdırır.
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 11 % azalıb
Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 623 kiberhücum indikatoru (IOC) müəyyən edib. Kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyul ayında 125 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 5 % azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.
"Tesla" Berlindəki fabrik planları ilə bağlı tənqidi açıqlamalar verib
Fabrikin meneceri Andre Thierry genişlənmə ilə bağlı tərəddüd etdiyini bildirib:
"Bazar tələbi ilə bağlı aydın bir siqnal almayana qədər milyardlarla dollar sərmayə qoymayacağıq".
Thierry fabrikin genişlənməsində elektrik avtomobil satışının da mühüm rol oynadığını qeyd edib. Bu ilin əvvəlindən bəri bir çox şirkət qlobal elektriklə işləyən avtomobil bazarındakı azalmanın onlara təsir etdiyini bəyan edib. "Tesla" 2024-cü ildə elektrikli avtomobil bazarında durğunluq yaşandığını etiraf edir, lakin elektrikli elektomobillərin avtomobil sənayesinin gələcəyi olduğuna inanır.
iPhone 16-nın təqdimat tarixi sızdırılıb
"CNMO Technology News"un iddiasına görə, iPhone 16 seriyasının təqdimat tarixi 10 sentyabr olacaq. Bu tarix "Apple"ın çərşənbə axşamı iPhone təqdimatı etmək vərdişinə uyğun gəlir. Qeyd edək ki, ötən ilki tədbir çərşənbə axşamı, sentyabrın 12-də keçirilmişdi.
AzTV-nin xalis mənfəəti açıqlanıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2023-cü ili 19 milyon 374 min manat xalis mənfəətlə başa vurub. Bu il yanvarın 1-nə AzTV-nin aktivləri 34 milyon 833 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır.
Hesabat dövründə qurumun öhdəlikləri 37 % azalaraq 1 milyon 646 min manata düşüb, balans kapitalı isə 1,2 % artaraq 33 milyon 187 min manata çatıb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,725 milyon manatdır.
"NVIDIA"nın yeni süni intellekt çipləri təxirə salınıb
"NVIDIA" yeni AI çip seriyası "Blackwell"in buraxılış tarixinin təxirə salına biləcəyi ilə bağlı şayiələrə rəsmi cavab verib. Şirkət "Hopper" çiplərinə tələbatın çox yüksək olduğunu və "Blackwell" nümunələrinin geniş miqyasda sınaqdan keçirilməyə başladığını bildirib.
"The Information"dan verilən məlumata görə, "Blackwell AI" çiplərində dizayn səhvlərinin olduğu və bu səhvlərin çiplərin buraxılmasını ən azı üç ay gecikdirə biləcəyi ifadə edilib.