Səyahət uzun çəkən pandemiya dövründən sonra investisiya cəlb etmək üçün yenidən diqqət mərkəzindədir. Belə ki, qrup səyahətinin xüsusi ehtiyacları ilə texnologiyanı təkmilləşdirən və həmtəsisçilərindən birinin azərbaycanlı olduğu “WeTravel” startapı xidmətlərini genişləndirmək məqsədilə 27 milyon dollar investisiya cəlb edib.

500 mindən çox müştərisi olan 3000-dən çox şirkət ödənişləri qəbul etmək, rezervasiyaları səmərəli şəkildə idarə etmək və beynəlxalq valyuta köçürmələri üçün “WeTravel”dən istifadə edir. “WeTravel”in əməliyyatlarının həcmi COVID-dən əvvəlki dövrdən bu günə qədər 300% artıb və gəlirləri hazırda 3 dəfə çoxdur. Startapın “CEO”su və həmtəsisçisi Yohannes Koeppel bu rəqəmlərin 2023-cü ildə yenidən ikiqat artacağına inandığını bildirib.

“WeTravel” təsis edildiyi gündən bu günə qədər, yəni 8 il ərzində 7 milyon dollar investisiya cəlb edib. İndi isə startap “Base10” və “Swift Ventures”in iştirakı ilə “Left Lane Capital”ın rəhbərlik etdiyi B seriyasında 27 milyon dollar investisiya cəlb etməyi bacarıb. “WeTravel” bu məbləği fintek məhsulunun təkmilləşdirilməsinə xərcləyəcəyini açıqlayıb.

Qeyd edək ki, “WeTravel” 2014-cü ildə Yohannes Koeppel (CEO), həmyerlimiz Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən təsis edilib. Səyahət təşkilatçılarına vəsait toplamaq və logistikanı təşkil etmək üçün səyahətdən əvvəl alətlər təklif edən onlayn ödəniş platforması olaraq tanınan startap təkbaşına artıq bir qədər yol qətib. Əvvəlcə həmtəsisçilər bizneslərinə başlamaq üçün Azərbaycan, İndoneziya və İsveçrədən Körfəz Bölgəsinə köçüblər, lakin sonradan mühəndisləri və digər texniki əməkdaşları ora cəlb etməyin qeyri-mümkün olduğunu qəbul ediblər. Beləliklə, 2019-cu ildə “WeTravel”in üç həmtəsisçisi Hollandiyaya köçüb. Bu gün şirkətin biznes komandasının və müştərilərinin əksəriyyəti ABŞ-dadır. Üç həmtəsisçi, mühəndis komandası və “WeTravel” isə Amsterdamda birləşir.

İnternetin inkişaf etmədiyi vaxtlarda həm fərdi, həm də qrup şəklində bir çox istehlakçı və biznes üçün biletlərin və ümumilikdə səyahətlərin bron edilməsi işinə səyahət agentlikləri baxırdı. Onlayn alətlər bu prosesi fərdlər üçün tamamilə dəyişdirdi, lakin maraqlısı odur ki, eyni hal birdən çox adamı, birdən çox yeri əhatə edən uzunmüddətli səyahət etmək istəyən qruplar üçün keçərli deyil.

“Əhəmiyyətli olan ödəniş etmək yox, daha sonra nə baş verdiyidir. Turizm şirkəti bu vəsaitlə nə etməlidir… Tipik bir səyahət istifadəçiyə 10 dollara başa gələ bilər, bu məbləğin böyük hissəsi təchizatçılara gedir.  Bu, vəsaitin idarə edilməsi ilə bağlıdır.
Səyahət nə qədər maraqlı olsa da, bir o qədər çox təchizatçı var – restoranlardan və nəqliyyat şirkətlərindən tutmuş aviaşirkətlərə, hotellərə və s. qədər… Bundan əlavə, pul köçürmələri və biznesdən biznesə, ölkədən ölkəyə müxtəlif ödəniş üsulları üçün komissiyalar mövcuddur. “WeTravel” platforması bu prosesin 2 əsas hissəsini əhatə edir: tədarükçüləri təşkil etmək və hər şeyi planlaşdırmaq üçün qrupu bir araya gətirənlərə kömək etmək. Sonra ödəniş prosesinin müxtəlif aspektləri ilə məşğul olmaq, istər hissə-hissə ödənişlərin qurulması, istərsə də müxtəlif valyutalar və ödəniş üsulları ilə işləmək və müxtəlif təchizatçılara onların fərdi şərtləri əsasında ödəniş etmək üçün alətlər təqdim etmək.” deyə “WeTravel”in “CEO”su Yohannes Koeppel bildirib.

O biznesin fintek tərəfini “səyahət üçün PayPal” kimi təsvir edir və deyir ki, “PayPal”, “Stripe” və onlayn ödənişlərdəki digər böyük adlar kimi şirkətlər həqiqətən də “WeTravel” bazarının xüsusi seqmentinə xitab edə bilməyiblər. “WeTravel” isə xüsusilə marşrutları və təchizatçıları əlaqələndirmək üçün məhsul dəstinin birinci hissəsi ilə tandem şəklində istifadə edildikdə xidmət göstərir.



Koeppel hesab edir ki, bu, B2B fiktek dünyasında daha tez-tez görə biləcəyimiz bir nümunədir. “İnanıram ki, yaxın bir neçə ildə ödənişləri konkret sənayelər üçün komponent kimi birləşdirən daha spesifik “SaaS” platformaları olacaq. Bu həm də “WeTravel” müştərilərinin də bəzən cəhd etdikləri, lakin özbaşına qura bilmədikləri bir şeydir. Səyahət agentləri səyahət məsləhətçilərinə çevrildikcə və bu cür sifarişli səyahət təcrübələrinə fokuslandıqca bir çoxları öz yaratdıqları xüsusi sistemlərə müraciət edirlər, lakin burada çatışmayan şey son müştəri təcrübəsidir. Onların yaxşı hesab-faktura sistemi, ödəniş üsulları və digər şeyləri yaratmağa vaxtları yoxdur. “WeTravel”in hazırda etmədiyi şey istifadəçilərinə kəşf təklif etməkdir, yəni səyahət məsləhətçiləri maraqlı restoranlar və daha çox şey tapmaq üçün hələ də kiçik qara kitablarına və ya bu günlərdə “TripAdvisor”, “Yelp” və ya digər tövsiyə və kəşf platformalarına müraciət edə bilirlər. Bu, “WeTravel”in böyüdükcə təşəbbüs edə biləcəyi şeydir”, - deyə Koeppel bildirib.

Posted 
Oct 27, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All