25 iyun tarixində Azərbaycanda brendinqlə bağlı ilk tədbir olan “Baku Branding Meetup 2022” baş tutdu. Tədbir “Brandup” reklam agentliyinin təşəbbüsü və təşkilatçılığı, Marketinq Professionalları Assosiasiyası və MÜSİAD Azərbaycanın təşkilati dəstəyi ilə keçirilib.
Tədbir yerli brendinq anlayışını inkişaf etdirmək, Azərbaycanda sağlam brendlərin yaranması prosesinə dəstək vermək və maarifləndirməni gücləndirmək məqsədi daşıyır.
Tədbirin spikerləri Tamerlan İsmayılov, Elnur Nurəliyev, Fərid Rzazadə və İlkin Manafov idi.
Trilogy.News tədbirin media tərəfdaşı kimi, spikerlərin çıxışlarından ən önəmli hissələri sizinlə bölüşür.
Baku Branding Meetup 2022 spikerlərindən əsas brendinq tövsiyələri
Tədbirin moderatoru Tamerlan İsmayılov “Brendinq bizə niyə lazımdır?” mövzusunda çıxış edib. Çıxışdan ən önəmli çıxarışlar:
- Azərbaycanda brendinqlə bağlı inkişafın yavaş irəliləmə səbəbi vizyonsuzluq, inamsızlıq və bilgisizlikdir;
- Həm əhali, həm də ərazi olaraq Azərbaycandan kiçik olub dünya markaları yaradan ölkələr var;
- Brendinqin ölkəmizdə inkişafındakı çatışmazlıqlar sahibkarların bu mövzuya önəm verməməsindər qaynaqlanır;
- Sahibkarların bir çoxu fərqlənməyə çalışmır;
- Markalar, əsasən, yeniliklər etməkdən qaçırlar;
- Dizaynı ciddiyə almamaq Azərbaycanda yerli brendlərin etdiyi səhvlərdən biridir;
- Yerli brendlərin bəziləri reklama büdcə ayırmır;
- Plansızlıq və qərar verə bilməmək brend strukturlarında müşahidə edilən çatışmazlıqlardan biridir.
Marketinq konsultant və Marketinq Professionalları Assosiasiyasının sədri Elnur Nurəliyev tərəfindən “Brendinizin pasportu var?” mövzusunda çıxışında bu nüanslara toxunub:
- Brend insanların haqqınızda düşündüyü, hiss etdiyi və dedikləridir;
- Brend olaraq, birinci “kiməm?” sualını vermək önəmlidir. Bu suala cavab verərək necə göründüyümüzü öyrənməliyik;
- “Niyə?”, “Necə?”, “Nə?” sualları ilə sorğulamağa başlamalıyıq;
- Məhsulun, yaxud xidmətin xarakterini, xüsusiyyətlərini öyrənmək önəmlidir. Hər brendin öz xasiyyəti var: ciddi, qorxusuz, şən və sairə;
- Hər bir brendin öz ərazisi var: həyəcan, səmimiyyət, tamamlıq və sairə.
“Code Academy”də dizayn rəhbəri, qrafik və veb dizayn müəllimi kimi fəaliyyət göstərən Fərid Rzazadə “Brendin vizual DNT-si” başlığı altında markalaşmanın dizayn sirrlərindən söz açıb:
- Brendin vizual DNT-si onun mottosu, loqosu, rəngi, fontu, maskotu, yaxud elementləridir;
- Qlobal brendlər istifadə edəcəkləri fontu ya 0-dan hazırlayır, yaxud da lisenziyalı formada alır;
- Markalar dizayn üçün professional komandalara müraciət etməlidir;
- Brendin xarakteri formalaşdırılmalıdır;
- Brendlər köklü dəyişiklik etmək əvəzinə, müasir tendensiyalara uyğunlaşmalıdır;
- Komandaya yeni daxil olan marketoloq, mütəxəssis brendin xarakteristikasını dəyişdirməməlidir;
- Brend üçün qərar verilərkən subyektiv yox, obyektiv qərar verilməlidir.
“360 dərəcə brendinq” kitabının müəllifi, marketoloq və sahibkar İlkin Manafov “Yerli brendinqin mətbəxi”ndən danışıb:
- Rəqabət yüksək olduğu üçün sahibkarlar brendinqdən istifadə etməlidirlər;
- Biz kimin üçün brend yaratdığımızı bilməliyik;
- Hamının xoşuna gəlməyə çalışmaq uçurumdur;
- Müştərinin markanızın səsini eşitdiyi hər yerdə mesaj eyni olmalıdır;
- İşlədiyiniz insanlara uyğun biznes miks qurmaq vacibdir;
- Marketinq kommunikasiyasında qüsurlar varsa, bunlar gizlədilməməlidir.
Spikerlərin çıxışından sonra interaktiv panel müzakirə təşkil edilib. Panel müzakirədə auditoriyanın aktivliyi ilə bir çox suala mütəxəssislər tərəfindən cavablar təqdim olunub. “Şəxsi brendlər yerli sferadan qlobala çıxdıqda nə etməlidir?”, “Markalaşmanın gələcəyi nədir?”, “Marketinq büdcəsini necə qurmaq lazımdır?” kimi suallar ünvanlanıb.