Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
İlk tam elektrikli “Ferrari” nə vaxt satışa çıxacaq?
“Ferrari” tərəfindən hazırlanan ilk tam elektromobil modeli üçün yeni məlumatlar ortaya çıxıb. Avtomobilin 2026-cı ildə satışa çıxarılacağı qeyd olunub. Bu yeni avtomobilin 2025-ci ilin sonunda təqdim olunması gözlənilir. Ferrari tərəfindən imzalanmış ilk elektrik avtomobil modeli yarım milyon dollardan çox qiymətə satıla bilər.
"Candy Crush" həmtəsisçisindən yeni startap!
"Candy Crush" mobil oyununun arxasında duran "King"in həmtəsisçilərindən biri Sebastian Knutsson yeni oyun startapını işə salıb. İrlandiya və İsveçdəki korporativ ərizələr göstərir ki, Knutsson və keçmiş "King" COO-su Stephane Kurgan 2023-cü ildə "Queen Digital Entertainment" (QDE) adlı yeni bir şirkəti qeydiyyatdan keçiriblər. Yeni oyun layihəsi üzərində işləmək üçün ən azı 10 keçmiş King işçisini işə götürüb.
Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir
Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə iyulun 17-də "Türkiye and Azerbaijan IT & Software Trade Delegation" forumu keçirilib. Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) və "New Generation Management Company" ilə əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə Türkiyənin 15 İKT şirkətinin nümayəndələri iştirak edib. Tədbirə, həmçinin Azərbaycanın innovasiya sahəsində 10 aparıcı şirkətindən olan nümayəndələr təqdimatla çıxış ediblər. Təqdimatlar zamanı şirkət nümayəndələri öz qabaqcıl təcrübələrini paylaşıblar.
Açılış nitqi ilə çıxış edən İRİA-nın sədr müşaviri Şahin Əliyev türkiyəli qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluq hissi keçirdiyini qeyd edib. O, bugunkü tədbirin də ölkələrimiz arasında İKT və innovasiya sahəsində əməkdaşlığın daha da güclənməsi, iki ölkənin şirkətləri arasında effektiv təmasların artmasını təşviq edəcəyindən əminliyini ifadə edib. Türkiyə tərəfindən çıxış edən nümayəndələr bu forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bugünkü görüş iki ölkənin İKT şirkətləri arasında təcrübə mübadiləsi baxımından mühüm rol oyanacaq.
Daha sonra “Azərbaycanda İnnovasiya” adlı panel müzakirəsi başlayıb. Paneldə “PAŞA Sığorta”, “PAŞA Bank”, “Azercell” və Azərbaycanın digər özəl qurumlarının nümayəndələri çıxış edərək öz xidmət və məhsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirin ikinci sessiyasında Türkiyə şirkətlərinin təqdimatları baş tutub.
Qeyd edək ki, iyulun 16-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində türk şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir. Qonaqlar Agentliyin fəaliyyəti haqqında geniş məlumat əldə etmişlər. Türk şirkətlərinin nümayəndələri görüş əsnasında Azərbaycanda yaradılmış biznes mühiti və texnopark proqramına böyük maraq göstərdiklərini bildirərək ölkəmizdə Texnopark rezidentliyi çərçivəsində təqdim olunan güzəştlərin əhəmiyyətini vurğulayıblar. Çıxışlardan sonra hər iki ölkədən olan şirkət nümayəndələri arasında müzakirələr aparılmış, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədə razılıq əldə olunmuşdur.
Xatırladaq ki, ötən ilin dekabr ayında da Türkiyənin 20-yə yaxın aparıcı İKT şirkətindən nümayəndələrin iştirakı ilə analoji tədbir baş tutmuş, hər iki ölkə üçün məhsuldar görüşlər keçirilmişdir. Görüşlərin nəticəsi olaraq artıq Türkiyədən üç şirkətin ölkəmizdə törəmə şirkət açması və burada fəaliyyətə başlaması istiqamətində proseslər gedir.
Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom" və “Bakı Telefon Rabitəsi” MMC-lər avqustun 15-dən genişzolaqlı internetin tariflərinə dəyişiklik edəcəklər.
Bildirilir ki, Şirkətlər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə, 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.
"WhatsApp" "Google Translate" ehtiyacını aradan qaldıracaq
Hazırda sınaq mərhələsində olan avtomatik tərcümə funksiyası ümumi istifadə üçün əlçatan olduqda bütün mesajlarınızı istədiyiniz dilə asanlıqla tərcümə edə biləcək. Bu xüsusiyyət mesajları "Google Translate"ə kopyalamaq kimi zəhmətli tərcümə prosesinə son qoyacaq.