Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Volkswagen elektrikli avtomobil planını ləğv edib
Volkswagen Almaniyadakı Volfsburq fabrikində ID.3 model elektrik avtomobilinin istehsal planlarını tələbin aşağı olması səbəbindən ləğv edib. Bununla belə, şirkət hələ ki tamamilə elektromobillərə həsr olunmuş Zwickau fabrikində istehsalı davam etdirəcək. Golf və Tiguan kimi modellərin bu il fabrikdə 500 mindən çox avtomobil istehsalına töhfə verəcəyi gözlənilir.
“28 May” stansiyası ətrafında mikromobillik infrastrukturunun qurulması nəzərdə tutulur
Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, ərazidə aidiyyəti qurumlarla birlikdə abadlaşdırma işləri həyata keçiriləcək. Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur. Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.
Xiaomi SU7 elektrikli avtomobil satışları başlayır
Xiaomi ilk elektrik avtomobili SU7 modelinin satışına başlayaraq avtomobil sənayesinə ilk addımını atıb. SU7-nin qiyməti martın 28-də açıqlanacaq. Qeyd edək ki, Xiaomi-nin elektrik avtomobil bazarına daxil olması BYD və Tesla kimi şirkətlər arasında rəqabətin gücləndiyi dövrə təsadüf edir.
OLED iPad Pro modelləri martın sonu və ya apreldə satışa çıxarılacaq
Mark Qurmanın sözlərinə görə, OLED iPad Pro modelləri və yeni iPad Air mart və ya aprelin sonunda təqdim ediləcək. Qeyd olunub ki, texnologiya nəhəngi bu məhsullar üçün tədbir təşkil etməyəcək, əksinə öz rəsmi saytında onları press-relizlər və reklam videoları ilə təbliğ edəcək.
Epic Games və Apple arasındakı buzlar əriyir
Epic Games artıq bir çox məşhur oyunlarını, xüsusən də Fortnite-ı iOS istifadəçilərinə təqdim edə biləcək. Apple-ın qərarını dəyişməsinin və Epic Games-i blokdan çıxarmasının əsas səbəbi məsələyə Avropa Birliyinin qarışması olub. Epic Games rəhbərliyi, mövzu ilə bağlı verdiyi açıqlamada, Apple-ın Avropa Birliyinin son qaydaları sayəsində developer hesablarını yenidən açdığını iddia edib.