Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
2023-cü ilin son ayında ən çox yüklənən proqramlar açıqlanıb
"Appfigures" tərəfindən paylaşılan hesabata görə, 2023-cü ilin dekabrında ən çox yüklənən proqram "Instagram" olub. Ən çox yüklənən proqramlar siyahısında ikinci yerdə 47 milyon yükləmə ilə "TikTok", üçüncü yerdə isə 39 milyon yükləmə ilə “Facebook” yer alıb. Siyahının qalan hissəsinə 38 milyonla "WhatsApp", 33 milyonla "CapCut", 28 milyonla "Threads", 27 milyonla "Temu", 25 milyonla "Telegram", 22 milyonla "Snapchat" və 20 milyon yükləmə ilə "Spotify" daxil olub.
AZAL BMT-nin Qlobal Sazişinə üzv olduğunu elan edib
Qlobal Saziş BMT-nin himayəsi altında həyata keçirilən bir təşəbbüsdür, biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır. Aviaşirkətin Qlobal Sazişə üzv olması Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin təşviqini əhatə edir. Bu sazişə qoşulmaqla aviaşirkət həmçinin insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.
NASA parçalanmış "Ingenuity" helikopterinin son halını paylaşıb
NASA-nın "Ingenuity" helikopteri Marsda 72 uçuşdan sonra ötən gün eniş zamanı zədələnərək fəaliyyətinə son vermişdi. Kosmik agentlik problemli enişdən sonra qəzaya uğrayan "Ingenuity"nin son vəziyyəti paylaşıb.
Rusiyadakı internet problemi aradan qalxıb
Dünən Rusiyaya məxsus internet resurslarına girişdə müəyyən problemlər yaşanıb. Həmin vaxtda məşhur saytlar, o cümlədən “Yandex” və “Vkontakte” işləməyib. Bununla belə, saytların açılmamasına səbəb olan texniki problem həllini tapıb. Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
iPhone-ların qəza aşkarlama xüsusiyyəti "Samsung" telefonlarına gələ bilər
“Google Pixel 4”, “Pixel 4 XL”də və iPhone 14-dən bəri bütün iPhone və Apple Watch-larda mövcud olan bu xüsusiyyət hələ də "Samsung" telefonlarında mövcud deyil. Bununla belə, qəza aşkarlama xüsusiyyətinin “Galaxy S24” və “Galaxy Z Fold5s”ə gələcəyi ilə bağlı şayiələr yayılıb. Qeyd edək ki, "Samsung"dan məsələ ilə bağlı rəsmi açıqlama hələ ki, gəlməyib.