“YouTube” öz alış-veriş funksiyalarını Partnyor Proqramının iştirakçısı olan daha çox məzmun yaradıcısına təqdim etməyə hazırlaşır. Detallara və tələblərə birlikdə nəzər salaq…

2021-ci ildə təqdim edilən “YouTube Shopping Tools” məzmun yaradıcılarına videolarında, canlı yayımlarında və “Shorts” videolarında məhsulları alış-veriş linkləri ilə etiketləməyə imkan verir.

Bu ilin əvvəlində şirkət rəsmilərinin verdiyi məlumata görə 5 ölkədə (ABŞ, Braziliya, Koreya, Hindistan və Böyük Britaniya) 4 kontent növü üzrə (gözəllik, texnologiya, hobbi və avtomobil hissələri) 1000 nəfər məzmun yaradıcısı “YouTube Shopping”in sınaq mərhələsində iştirak edib. Həmin dövr ərzində sınaq mərhələsinə təxminən 20 marka cəlb olunub.

Lakin artıq “Shopping” üçün yeni üstünlüklər tətbiq olunmağa başlanılacaq. İl sonuna qədər “YouTube” ABŞ, Böyük Britaniya, Braziliya və Hindistanda Tərəfdaşlıq Proqramına üzv olan ən azı 20 min abunəçi öz videolarında, “Shorts” videolarında və canlı yayımlarında məhsulları alış-veriş linkləri ilə etiketləyə biləcək.

Yeni planlar insanları alış-verişə təşviq etmək məqsədilə alış-veriş mövsümü ərəfəsində, 10 noyabrda baş tutacaq “From YouTube To You” adlı canlı tədbir vasitəsilə təqdim olunacaq.

Şirkət öz açıqlamasında “Bu rüb ərzində daha çox məzmun yaradıcısı öz videolarında və “Shorts” videolarında məhsulları etiketləmək imkanına malik olacaq”, - deyə bildirib. Məzmun yaradıcıları yalnız “Google Merchant Center”da sadalanan məhsulları etiketləyə biləcəklər. “Google Merchant Center” şirkətlərə məhsullarının “Google”da necə göründüyünü idarə etməyə və onlara alış-veriş reklamları almağa imkan verən platformadır.

Öz məhsullarını tanıtmaq istəyən məzmun yaradıcılarına gəldikdə isə tələblər daha yumşaqdır. “YouTube” bu xüsusiyyəti iyul ayında məzmun yaradıcıları üçün kanallarını “Shopify” hesabları ilə sinxronlaşdırmağa imkan verən müqavilə əsasında işə salmışdı.


“YouTube”un açıqlamasında deyilir ki, məzmun yaradıcılarının öz məhsullarını alış-veriş linkləri ilə etiketləmək imkanı coğrafiya ilə məhdudlaşmır, lakin kanalın ən azı 1000 abunəçisi olmalı, hədəf kütləsi isə uşaqlar olmamalıdır. Bu etiketlər “VOD” (video-on-demand) və canlı yayımlar üçün keçərli olsa da, “Shorts” videoları üçün keçərli deyil.


Yaradıcılar üçün yeni pul qazanma vasitəsi

Hələ yaranma mərhələsində olsa da, “Shopping” məzmun yaradıcıları üçün yeni pul qazanma vasitəsi ola bilər. İyul ayında “YouTube” “Creator Incentive Program” vasitəsilə məhsulların etiketlənməsi üçün məzmun yaradıcılarına ödəniş etməyi sınaqdan keçirdiyini bildirmişdi.

“YouTube” məzmun yaradıcılarına alış-veriş edilə bilən linklər üçün hər klikə görə ödəniş etsə də, bu model markaların öz linkləri vasitəsilə həyata keçirilən satışlar üçün məzmun yaradıcılarına komissiya ödəyəcəyi tərəfdaşlıq proqramına da yol aça bilər.

Alətlərə çıxış asanlaşdıqca “YouTube” mötəbər tədbirləri ilə platformada alış-verişi təşviq etməyə davam edir. İyun ayında keçirilən və hər il baş tutan Gözəllik Festivalında “PatrickStarrr” və Treysi Ellis Ross kimi məşhurlar “One/Size” və “Pattern Beauty” kimi sevimli markalarının son məhsullarını nümayiş etdirmişdilər.

Noyabr ayında baş tutacaq və keçənilki “Holiday Stream and Shop”dan sonra ilin ikinci bayram alış-verişi tədbiri hesab olunan “From YouTube To You”da “Ulta Beauty” və “Tula Skincare” kimi şirkətlərin canlı yayımları, videoları və “Shorts” videoları nümayiş olunacaq.

Posted 
Oct 25, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All