nnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimini keçirib. Tədbirdə qonaq qismində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, tanınmış texnologiya blogerləri, ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak ediblər.
İki hissədən ibarət tədbirin birinci hissəsində İRİA rəhbərliyi illik fəailiyyətin yekunu haqqında hesabat xarakterli məlumatlarla təqdimatlar edib. Açılış nitqi ilə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva Agentliyin il ərzində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı istiqamətlərində gördüyü işlər haqqında ümumi məlumat verib. İnarə Vəliyeva:
“Rəqəmsallaşma dövlət xidmətlərini vətəndaşlar və biznes üçün daha da əlçatan etdi. Bir çox həyat hadisələri ilə bağlı əməliyyatlar operativ, növbəsiz və rahat icra edilir”.
Agentliyin sədri həmçinin bildirib ki, xidmətlərin təkmilləşdirilməsində vətəndaşların geri dönüşü böyük əhəmiyyət kəsb edir.
Çıxışının davamında İ. Vəliyeva innovasiya ekosistemində fəallığı ilə seçilən oyunçuların və İRİA-nın təqaüd proqramlarından yararlanan vətəndaşların uğur hekayələrindən danışıb. “İnsan kapitalının inkişafı innovasiya ekosisteminin formalaşması ilə paralel getməlidir, çünki bu iki komponent bir-birini keyfiyyət baxımından tamamlayır”, - deyə İRİA-nın sədri fikrini tamamlayıb.
Növbəti çıxış zamanı İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov innovasiya sahəsində əldə olunan nailiyyətlər, yaradılan yeni imkanlar və ekosistemin inkişafı yönündə təşəbbüslər barədə danışıb. O bildirib ki, son bir ildə maliyyə, bazar, infrastruktur, mədəniyyət və insan kapitalına çıxış imkanlarının daha da genişləndirilməsi yerli ekosistemdə nəzərəçarpacaq irəliləyişə səbəb olub.
Tədbirin davamında İRİA-nın sədr müavini Şahin Əliyev çıxış edərək, Agentlik tərəfindən İKT sahəsində yeni peşəkar kadrların hazırlanması, xüsusilə də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, o cümlədən gənclərin yerli və beynəlxalq İKT yarışlarında aktiv iştirakının və bu sahədə irəli sürülən digər təşəbbüslərin dəstəklənməsi barəsində ətraflı məlumat verib. Daha sonra ölkədə rəqəmsallaşma, vətəndaşyönümlü rəqəmsal xidmətlərin inkişafı və ümumilikdə rəqəmsal hökumət sahəsində il ərzində görülən işlərin hesabat təqdimatı ilə İRİA-nın sədr müavini Rəşad Xalıqov çıxış edib.
Tədbirin ikinci hissəsində “IDDA Awards” innovasiya liderləri müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Mərasimin açılış nitqində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina ekosistemdə fəal şəkildə dəyər yaradan müsabiqə iştirakçılarına təşəkkür edib və qalibləri təbrik edib. 11 nominasiya üzrə keçirilən müsabiqədə qaliblərin mükafatlandırılması ilə tədbirə yekun vurulub.
İndi isə gəlin qaliblər ilə tanış olaq!
Ekosistemin Lokomotivi
İsa Qasımov
İKT-də İlin Qadını
Günel İmamquliyeva
İlin Bacarıq Gücü
SABAH Academy
İlin Ekosistem Oyunçusu
İnnostart
İlin İcması
Product Tank
İlin Kəşfi
Corpowid
İlin Rezidenti
Crocusoft
İlin Rəqəmsal Layihəsi
ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
İlin Startapı
Dosty
İlin Texnologiya Tədbiri
II Aerokosmik Modelçilik Festivalı