ollandiyanın Haarlem şəhəri ictimai yerlərdə ət reklamını qadağan edəcəyini elan edən ilk şəhər oldu. Amsterdamın qərbində yerləşən və 160 min əhalisi olan bu şəhər bu qərarla iqlim böhranının sürətlənməsində mühüm rolu olan ət istehlakının təşviqinin qarşısını almağı hədəfləyir.
Qərara müsbət yanaşanlarla yanaşı, qarşı çıxanlar da az deyil. Ət istehsalçıları bələdiyyənin insanları düşünmək mövzusunda həddən artıq irəli getdiyini, sağçı partiya isə qərarı müəssisə azadlığının pozulması kimi qiymətləndirdiyini bildirib.
Son tədqiqatlar göstərir ki, qida istehsalı qlobal istixana qazı emissiyalarının üçdə birinə cavabdehdir və ət məhsulları ətraf mühiti bitki mənşəli qidaların istehsalından iki dəfə çox çirkləndirir. Ət istehsalı məqsədilə heyvanların otarılması üçün meşələr kəsilir, onların yemlərini yetişdirmək üçün istifadə edilən azotla zəngin gübrələr hava və suyun çirklənməsinə, iqlim dəyişikliyinə və ozon təbəqəsinin məhvinə gətirib çıxarır. Heyvandarlıq həmçinin xeyli miqdarda metan qazı istehsal edir.
Ət reklamlarının qadağan edilməsinə dair təklifi hazırlayan “GroenLinks” partiyasının məclis üzvü Ziqqi Klazes belə bir siyasət təklif edəndə Harlemin dünyada bunu həyata keçirən ilk şəhər olacağını düşünmədiyini söyləyib. Klazes “Haarlem105” radio kanalının efirində aşağıdakı açıqlamanı edib: “Söhbət insanların mətbəxlərində nə bişirdiklərindən getmir. Ət yeməyə davam etmək istəyirlərsə, buyursunlar. Lakin iqlim böhranını nəzərə almadan insanları vəziyyəti daha da pisləşdirən məhsullar almağa təşviq edə bilmərik”.
“Greenpeace”in araşdırması göstərir ki, 2050-ci ilə qədər Aİ-nin xalis sıfır emissiya hədəfinə çatmaq üçün ət istehlakı ildə adambaşına 24 kiloqrama qədər azaldılmalıdır. Hazırda Aİ-nin ən böyük ət ixracatçısı olan Hollandiyada bu rəqəm təxminən 75,8 kiloqramdır.
Təkcə ət məhsullarını deyil, tərkibində ət məhsulları olan hamburger, pizza kimi yeməklərin reklamlarını da əhatə edəcək qadağa 2024-cü ildən qüvvəyə minəcək.