Apple”ın adapterləri qutudan çıxarmaq qərarı şirkətə baha başa gəldi. Braziliya hökuməti “Apple”ı müştərilərinə natamam məhsullar satdığı üçün cərimələyib və ölkədə “iPhone” satışlarını dayandırıb.
Silikon Vadisi nəhəngi “Apple” “iPhone 12”nin satışa çıxması ilə qutulardan adapterləri çıxarmışdı. “iPhone” qutularında “Lightning” kabeli qalsa da, adapterlər artıq mövcud deyildi. İnsanlar isə bu qərarı hər nə qədər sərt qarşılasa da, vaxt keçdikcə bu normallaşdı və “iPhone 12”dən sonrakı bütün modellər adaptersiz satışa çıxmağa başladı.
Braziliya isə bu qərara qarşı öz sərt mövqeyini sərgiləyib. Ölkə höküməti bu gün verdiyi qərarla “Apple”ın istehlakçılara natamam məhsullar satdığını əsas gətirərək şirkətin satışlarını əngəlləyib. Bu qərara əsasən qutusunda adapteri olmayan “iPhone” cihazları, yəni “iPhone 12” və sonrakı modellər Braziliyada artıq satışa çıxarılmayacaq.
Bundan əlavə, Braziliya Ədliyyə Nazirliyi texnologiya nəhəngi “Apple”ı 2,38 milyon dollar cərimələyib. “Apple” isə adapterləri ətraf mühiti qorumaq məqsədilə qutulardan çıxardığını iddia edərək qərara etiraz edib.
Bildiyimiz kimi, “Apple”ın adapterləri qutudan çıxarmasının səbəbi şirkətin karbon emissiyalarını azaltmaq istəyi idi. Braziliya hökuməti isə “Apple”ın bu müdafiəsini rədd edərək mövzu ilə bağlı əsaslı sübut olmadığını bildirib. Nəticədə, Braziliyada yeni qərar çıxanadək “iPhone 12” və sonrakı modellərin satışı qadağan edilib.