A

rtıq Azərbaycanda da aktuallaşdığını müşahidə etdiyimiz “YouTube” kanallarının diqqət cəlb etdiyini bilirik. “YouTube”da vaxt keçirmək, bu ucsuz-bucaqsız platformada saatlarca vaxt keçirib müxtəlif mövzularda videolar izləmək bir çoxu üçün ciddi əyləncə mənbəyidir.

“YouTube” kanalı açmaq üçün peşəkar bir ekspert olmağa ehtiyac yoxdur. İnsanlara yararlı olacağını düşündüyünüz bilikləriniz fikirləriniz varsa, youtuberlərdən biri niyə də siz olmayasınız?

Elə məhz buna görə də “Trilogy News” sizinlə “YouTube” kanalı açmağın sadə 3 mərhələsindən vizuallarla bəhs edəcək. 

1-ci mərhələ: “Google” profilinizin olduğundan əmin olun.

“YouTube” kanalı yaratmaq üçün sizə lazım olacaq tək profil “Google” profilidir. Platformada “Google” profilinizlə qeydiyyatdan keçmək üçün artıq siz öz kanalınızı yaratmış olacaqsınız. Amma əlbəttə ki, məsələ burada bitmir.

2-ci mərhələ: Kanalınızı özəlləşdirin

Kanalınız artıq mövcud olsa da, “YouTube” icmasına birbaşa daxil olmağa hələki tələsməyin. Əvvəlcə, siz kanalınızı özünüzküləşdirməli, yəni özəlləşdirməlisiniz.

Bunun üçün isə gəlin bir neçə addımı izləyək:

Kanalınızın olduğu səhifədə “Kanalı fərdiləşdir” (Customize channel) sözü ilə qarşılaşırıq. Yeni açılan pəncərədə “Düzən” (Layout), “Brendinq” (Branding), “Əsas məlumat” (Basic info) hissələrini görürük. 

“Düzən” hissəsi bizə imkan verir ki, kanalımıza ilk dəfə qonaq olmuş şəxslərə 10-15 saniyə ərzində özümüzü tanıdaq.

Bu hissə sayəsində kanalımıza treyler (kanal haqqında qısa və məlumatlandırıcı video) əlavə etmək mümkündür.

Yaxud kanala girənlərə ilk göstərilən videonu seçə bilərik. Seçəcəyimiz video haqqında “YouTube” bizə köməklik göstərərək ən çox izlənilən videomuzu məsləhət görür, lakin istədiyiniz başqa videonu da seçmək haqqına sahibsiniz.

Kanal üçün əsas məsələlərdən biri brendinqdir. Brendinq dedikdə isə kanalımızın adını, profil və örtük şəkillərindən bəhs edirik.

Şəkildə gördüyünüz hissə vasitəsilə sizə lazım olan şəkilləri daxil edə bilərsiniz. “YouTube”da profil şəkli üçün şəklin ölçüsü ən az 98x98 piksel, həcmi isə ən çox 4 MB ola bilər. 

Örtük (Banner) şəkli üçün 2048x1152 ölçülərində olsa, daha səliqəli görünə bilər. Örtük üçün istifadə olunacaq vizualın həcmi 6 MB-dan çox olmamalıdır.

Vatermark istifadə edə biləcəyiniz digər funksiyadır. Bu funksiya sayəsində videolarınız ərzində, yaxud videolarınızın yalnız sonunda sizin loqonuz görünür. Bu isə izləyiciyə izlədiyi videonun sizə aid olduğunu davamlı olaraq xatırladan və sizi yadda saxlayan önəmli bir nüansdır.

Vatermark kimi istifadə edəcəyiniz şəklin PNG və şəffaf fonlu olmağına diqqət etmək məsləhətdir.

Və bir çox insanın yaddından çıxan nüans: Əsas məlumat hissəsi.

Ola bilər ki, izləyici kütləniz sizə tam sadiqdir, lakin kanal haqqında izləyicilərinizə ətraflı məlumat vermək, lazım olduğu halda sizinlə əlaqə saxlaya biləcəkləri mail adresi qeyd etmək sizin xeyrinizə olacaq addımdır.

Kanalınızın adını “Kanal adı” (Channel name) hissəsindən dəyişmək, “Təsvir” (Description) hissəsinə isə öz tərzinizdə, kanalınıza uyğun üslubda kanal haqqında yazmaq lazımdır. 

Bunu qeyd etməkdə fayda var ki, əgər kanalınız əyləncə kanalıdırsa, “haqqınızda” bölməsini çox ciddi və uzun yazmaqdan qaçın, əksinə daha özünüzəməxsus və əyləncəli üslub izləyicilərinizə daha xoş gələcək.

Kanalınızın linkində bir çox random hərflərin olduğunu, yəqin ki, siz də gördünüz. Bu random hərflər əvəzinə özünüz istəyən linki yarada bilərsiniz. “Custom URL” funksiyasından istifadə edərkən URL-nizin kanalınızın adını daşıdığından əmin olun. URL və kanal adının eyni olması yeni izləyicilər tapmaqda sizə kömək edəcək.

Qeyd edək ki, 100 izləyiciyə çatmamış “YouTube” kanalınızın URL-ni dəyişə bilməzsiniz.

Əsas məlumat hissəsi vasitəsilə həm də digər sosial media profillərinizin linklərini əlavə edə və işlək mail ünvanınızı qeyd edə bilərsiniz. 

Bütün bu addımları yerinə yetirdinizsə, budur, sizin kanalınız artıq vizual olaraq hazırdır!

3-cü mərhələ: YouTuber olmaq üçün işləməyə başlayın

“YouTube” qəliz, xaotik platforma olduğu qədər, həm də insanlara faydalı məlumatları ötürmək üçün idealdır. “YouTube” kanalınız vizual olaraq hazırdırsa, sizi Youtuber olmağa aparacaq sonuncu mərhələ kontent yaratmaq, videolar çəkməkdir.

“YouTube” üçün kontent yaratmazdan əvvəl özünüzə bu sualları verə bilərsiniz:

  • Hansı mövzuda kanal açmaq istəyirəm?
  • Kütləm - məni izləyənlər kim olacaq? (Yaşları, cinsləri, peşələri, məşğuliyyətləri və maraqları)
  • Neçə gündən bir video paylaşacam?
  • Videolarda aparıcı mən olacam, yoxsa animasiyalar hazırlayacağam?
  • Kanalımın marketinqini hansı platformalarda aparacağam?

Bu suallara cavab tapmaqla ilkin iş prosesinə başlamış olacaqsınız.

Videonuz hazırdırsa, indi çox asanlıqla həll edə biləcəyiniz son tapşırıqlar qalıb.

“YouTube” ana səhifədə “Yaradın” (Create) funksiyasına klik etdikdən sonra “Video yükləyin” (Upload Video) seçirik.

Yükləmək istədiyimiz faylı seçdikdən sonra əsas məsələyə - video haqqında məlumatları daxil etməyə keçirik. 

“Başlıq” bölməsində videomuzun adını qeyd edirik. Bu hissədə maksimum qısa və konkret olmağa çalışın. 8-9 sözdən çox olan başlıqlar izləyicini yorur.

 “Təsvir” hissəsində videonuzun mövzusu ilə bağlı daha geniş məlumat verə bilərsiniz.

“Miniatür” videonun örtük şəklidir. Daha əvvəldən hazır etdiyiniz görüntünü əlavə edə bilərsiniz, yaxud “YouTube” özü videodan ən maraqlı kadrı kəsib örtük şəkli kimi təklif edəcək.

“Auditoriya” hissəsində videonuzun uşaqlar üçün nəzərdə tutulub-tutulmaması, videonuzda ödənişli reklam yerləşdirilməsi haqqında məlumat verə bilər, videonun dili və çəkildiyi məkanı qeyd edə bilərsiniz.

“Teqlər” hissəsində videonuzun mövzusu ilə bağlı ən aktual, önəmli, maraqlı və trend olan sözləri, terminləri yazmağı unutmayın. Teqlər sizi tanımayan izləyiciyə çatmağınız üçün körpü rolunu oynayır.

Və bu ən əsas addımları tamamladıqdan sonra “YouTube” kanalınız, ilk videonuz artıq hazırdır. Uğurlar!

Posted 
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All