“Tripsome” startapı ”Google For Startups” və “Astana Hub”un birgə akselerasiya proqramına seçilib.
Azərbaycan startapı “Tripsome” (keçmiş “Hadigro”) ”Google For Startups” və “Astana Hub”un birgə akselerasiya proqramına seçilib və bununla da komanda 55.000 ABŞ dolları dəyərində toxum sərmayəni təmin edib.
7 ölkədən 330 texnoloji startap arasında Tripsome ən yaxşı 15 startap siyahısına daxil olub və komanda növbəti 3 ay ərzində xidməti təxminən 20 milyon əhalisi olan Qazaxıstanda əlçatan etmək üçün çalışacaq.
Müxtəlif mərhələrdən ibarət seçim mərhələsi May ayından başlayıb. Layihələr Mərkəzi Asiyanın müxtəlif ölkələrindən ekspertlərin, həmçinin “Google Developers” şirkətinin nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən qiymətləndirilib.
Komissiya tərəfindən seçilmiş 65 ən yaxşı layihə arasından 15 ən yaxşı startap proqramda iştirak etmək üçün seçilib. 11 layihə də ehtiyat siyahıya daxil edilib.
Seçimlərin qalibləri arasında Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Monqolustan və Tacikistandan olan layihələr var. Qaliblər “CTOgram”, “FocusED now”, “Naimi.kz”, “Citix”, “Parqour”, “Smoothly”, “Beyne.ai”, “relog.kz”, “UvU Ridesharing”, “iDos Games”, “smartportfolio.app”, “www.fibo.cloud”, “Tripsome.com” (əvvəlki Hadigro.com), “zypl.ai” və “NB FIT” startaplarıdır.
Proqram iştirakçıları ən yaxşı “Google” ekspertlərinin ustad dərslərinə və mentorluqlarından pulsuz yararlana biləcək, biznes proseslərini effektiv şəkildə qurulmasını, miqyası genişləndirməyi, tərəfdaşlıq qurmağı və investisiyalara hazırlaşmağı öyrənəcəklər.
“Google for Startups” öz platformasında və sosial şəbəkələrdə startaplar üçün PR dəstəyi də verəcək. Öz növbəsində, Astana Hub iştirakçılara texnoparkın ərazisində yaşayış və kovorkinq sahəsi, PR dəstəyi, həmçinin “Seed Money” proqramı çərçivəsində 25 milyon KZT (55 000 ABŞ dolları) qədər maliyyə vəsaiti əldə etmək imkanı verir. Təlim Nur-Sultanda oflayn rejimdə keçiriləcək və 3 ay davam edəcək.
“Google for Startups kimi böyük şirkətlə əməkdaşlıq qlobal potensiala malik startaplar üçün böyük imkanlar açır. Bu, onlara qlobal platformalarda iştirak etməyə imkan verəcək. Astana Hub artıq beş ildir ki, startaplara akselerasiya xidməti təklif edir. İndi biz tamamilə yeni səviyyəyə keçirik. Biz “Google” Korporasiyası ilə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, - deyə “Astana Hub” İnformasiya Texnologiyaları üzrə Startapların Beynəlxalq Texnoparkının baş direktoru Maqzhan Madiyev bildirib.
2022-ci ilin payızında "Silkway Accelerator" proqramı iştirakçılarının ikinci seçiminin keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, “Google for Startups” 2011-ci ildə “Google” korporasiyası tərəfindən yaradılmış startap proqramıdır. O, 125 ölkədə 50-dən çox kovorkinq və akseleratordan ibarətdir və sahibkar olmaq istəyənlər üçün praktiki dərslər təqdim edir. Bu il Qazaxıstan proqramın Mərkəzi Asiyada ilk tərəfdaşı olub.
“Astana Hub” Mərkəzi Asiyada İT startapları üçün ən böyük beynəlxalq texnoparkdır. Burada Qazaxıstan və xarici İT şirkətlərinin sərbəst inkişafı üçün şərait yaradılıb.