ürkiyədə son zamanlarda "Discord" və "Roblox"un bloklanması ölkənin oyun icmasında ciddi sarsıntılara səbəb olub. Bu ani qadağa, Türkiyənin oyun sektoruna böyük təsir göstərərək milyonlarla oyunçunu, oyun studiolarını, indie komandaları, çətin vəziyyətdə qoyub və inkişaf edən oyun ekosisteminə mənfi təsir göstərib.
"Discord" Türkiyədə oyun icmalarının inkişafında əsas rol oynayır. Ölkədə aylıq 5 milyondan çox aktiv "Twitch" istifadəçisi var və böyük ehtimalla bu istifadəçilərin əhəmiyyətli bir hissəsi "Discord"da da fəal iştirak edir. "Discord" oyunçular üçün sadəcə bir çat proqramı deyil; bu platforma oyun strategiyaları müzakirə etmək, marketinq aləti kimi, komandalar arasında əməkdaşlıq qurmaq və hətta peşəkar şəbəkələşmə üçün əsas mərkəzə çevrilib. Oyunların təşkil olunması, dostluqların qurulması və oyun icması içində birliyə nail olmaq üçün "Discord" əvəzolunmaz vasitədir. Onun bloklanması bu əlaqələrə ciddi şəkildə təsir edir.
Bildiyimiz kimi, Türkiyə son illərdə rəqəmsal oyun sektorunda sürətlə inkişaf edərək qlobal arenada önəmli bir mövqe qazanmışdı. Lakin bu gün "Discord" platformuna qoyulan giriş məhdudiyyəti sektor üçün ciddi problemlər yaratdı. Xüsusilə Steam Next Fest kimi beynəlxalq əhəmiyyətli bir tədbir ərəfəsində baş verən bu bloklama, yerli oyun inkişaf etdiricilərinə və indie studiyalara böyük zərbə vuracaq. Oyun dünyasında Steam Fest, studiyaların oyunlarını təqdim etmək, oyunçularla qarşılıqlı əlaqə qurmaq üçün ən vacib tədbirlərdən biri sayılır. "Discord"un qadağan olunması isə bu fürsətləri əldən çıxarma riski daşıyır.
Bu məhdudiyyətlər həmçinin Türkiyənin qlobal oyun bazarındakı mövqeyinə də təsir göstərə bilər. Populyar platformalara məhdud çıxış olduğu üçün türk oyun inkişaf etdiriciləri və e-idman komandaları beynəlxalq səviyyədə rəqabət aparmaqda çətinlik çəkə bilər. Bu vəziyyət Türkiyənin oyun sənayesinin böyüməsini yavaşlada və xarici investisiya və tərəfdaşlıqlar cəlb etmək potensialını azalda bilər.
İrəlidə bu qadağalara qarşı balanslı və diqqətli yanaşma lazımdır. Türkiyənin oyun ekosisteminin inkişafını dəstəkləmək üçün oyun icmasına qarşı mənfi təsirləri azaltmaq vacibdir. Oyun sektorunun gələcəyi bu çağırışlarla necə mübarizə aparacağından asılıdır.
Müəllif: Fidan Rustamli