Hasan ilə dostluğumuz uzun illərə, Türkiyədə agentliyindəki iş həyatımıza gedib çıxır. Deyəsən, 2013-2014-cü illərdə ‘’Plasenta Conversation Agency’’də görüşmüşdük. Mən o vaxtlar “Bu “Facebook” və “Twitter” nədir belə?” deyə gəzərkən Hasan “Coca-Cola”nın qlobal miqyaslı “Hesabat və analiz” layihəsinin komandasında idi. İndi anlayıram ki, hələ o vaxtlar üzərində işlədiyi sosial media analizi layihəsi “Sociality.io”nun təməlini yaradırmış.

Girişi çox uzatmadan “Sociality.io”nun (“All-in-one social media management”) təsisçisi Hasan Toprakkaya ilə söhbətimizə keçək.

1. Hasan, mən bir az keçmişə toxundum, amma bəlkə sən də bir az geriyə baxaraq özündən bəhs edəsən? Universitet həyatın neçə keçib və daha sonra rəqəmsal dünyaya necə keçid etmisən? Startapçılıq qanında var idi, yoxsa necə? :)

Universitetdə oxuyarkən həm ehtiyac duyduğum, həm də özümü inkişaf etdirmək istədiyim üçün artıq ikinci kursda iş axtarışında idim. Xüsusilə rəqəmsal agentliklərdə işləmək və özümü bu sektorda inkişaf etdirmək istəyirdim. Təxminən 10-a yaxın agentlikdə təcrübə keçmək üçün müraciət etmişdim. Son müraciət etdiyim agentlik məni yarımştat işə götürdü. Bunun sayəsində universitetdə öyrəndiklərimi iş həyatında da təcrübədən keçirmək şansım oldu. Universitet həyatım boyunca işləməyə davam etdim.

Startapçılıq universitetin ilk illərindən etibarən beynimdə idi. İstanbul Texniki Universitetindən “Kompüter mühəndisliyi” ixtisası üzrə məzun olduqdan sonra böyük şirkətlərdən birində işləməyə başladım. 1,5 il işlədikdən sonra bir daha korporativ həyatdan birdəfəlik ayrılmaq qərarına gəldim. Elə o vaxtdan bəri düz 15 ildir ki, startapçıyam.

2. Diqqətimizi yayındırmadan “Sociality.io” haqqında danışmaq istəyirəm. Qısa olaraq bizə “Sociality.io”nun məhsul və xidmətlərindən danışa bilərsən?

Sociality.io” başlanğıc nöqtəsi olaraq sosial media kontentlərini planlaşdıran bir proqram kimi fəaliyyətə başlamışdı. Lakin daha sonra istifadəçilərimizin rəyi ilə o, xüsusilə böyük sosial media komandalarının bütün sosial media əməliyyatlarını bir nöqtədən idarə edə biləcəyi bir proqrama çevrildi.

Hazırda 5 əsas modulumuz var:

Yayım modulu ilə sosial media məzmununun təsdiqi və zamanlama prosesləri idarə olunur;
Nitq modulu ilə reputasiya idarə edilir;
Dinləmə modulu ilə açar sözlərə əsaslanaraq monitorinq edilir;
Təhlil modulu ilə ətraflı sosial media hesabatları yaradılır;
Rəqib təhlili modulu ilə siz rəqibləriniz ilə öz sosial media hesablarınızı müqayisə edirsiniz.

3. Bəs gedişatdan razısan? Məsələn, hansı agentlik və markarlar işləyirsiniz? Azərbaycanda da müştərilərinizin olduğunu bilirəm. Burada böyüməyi planlaşdırırsınız? Sektoru izləyirsən?

Bəli, gedişatdan razıyam. Fəaliyyətimizə Türkiyədə başlamışdıq. Təxminən 3 il əvvəl xaricə də çıxmaq qərarında gəldik və hal-hazırda 30-dan çox ölkədə müştərilərimiz mövcuddur.

Azərbaycan da önəm verdiyimiz ölkələrdən biridir. Azərbaycanda son illərdə rəqəmsal startapçılığın ön plana çıxması və bu sektorun həm dövlət, həm də qurumlar tərəfindən dəstəklənməsi bizi həyəcanlandırır. Hazırda 1 böyük agentlik və 1 böyük qurumla birbaşa işləyirik. Qarşıdakı illərdə Azərbaycanda daha çox qurumla çalışmağı hədəfləyirik.

4. Deyəsən, pandemiyadan əvvəl ‘’remote’’ işləməyə keçmişdiniz? Bu qərara necə gəlməyiniz maraqlıdır. Bu iş modelinin hələ gündəmdə olmadığı vaxtlarda sizi belə bir qərara gəlməyə nə məcbur etdi?

Yeniliklərə açıq iş mühitimiz var idi. Xarici ölkələrə çıxmazdan əvvəl “remote” işi sınaqdan keçirməyə başladıq. Əməkdaşlarımızın istədiyi yerdən çalışması həm şirkət olaraq məhsuldarlığımıza yaxşı təsir etdi, həm də əməkdaşlarımıza motivasiya verdi. Sınaq müddətindən dərhal sonra uzaqdan işləməyə başladıq. Xaricə çıxdıqdan sonra uzaqdan işləmək qərarımızın nə qədər doğru olduğunu da gördük. Hazırda 5 müxtəlif ölkədə və müxtəlif zaman qurşaqlarında çalışan əməkdaşlarımız mövcuddur.

5. ‘’Remote’’ iş rejimi iş və ailə həyatını çox güman ki, müsbət yönə dəyişib. 9-5 iş rejimindən sonra bu dəyişiklik sənə necə təsir etdi? Üstünlükləri nələr oldu?

Üstünlükləri saymaqla bitməz. :) Uzaqdan işləməyimin sayəsində ailəmlə daha çox vaxt keçirə bilirəm. 2 yaşlı bir oğlum var və o doğulandan bəri birlikdəyik. Ən gözəl illərində onun daha çox yanında ola bilirəm. Bundan əlavə, fərqli mədəniyyətlərdən və saat qurşaqlarından olan insanlarla işləmək üstünlüyü də əldə etdik. Uzaqdan çalışdığımız üçün asinxron çalışmaq və hər işimizi və məlumatımızı çox yaxşı sənədləşdirməli olduq. Bu, şirkətimizi insanlardan asılı olmayan və paylaşmağın prioritet olduğu korporativ mədəniyyətə gətirib çıxardı.

6. Pandemiya ilə birlikdə bütün dünya ‘’remote’’ iş rejiminə keçən zaman sizin öz aranızda etdiyiniz zarafatlar mənə çox maraqlıdır. :) 

Əlbəttə ki, uzaqdan işlədiyimiz üçün hamımız xoşbəxt idik. :) Əməliyyatlarımızda və ünsiyyət tərzimizdə heç bir dəyişiklik olmadı. Əksinə, böyük qurumlar uzaqdan işləməyə başladıqca bizim kimi uzaqdan işləyən şirkətlərə də baxışları tamamilə dəyişdi. Satış proseslərimizin xeyli sürətləndiyini deyə bilərəm.

7. Türkiyədən çıxan bir texnologiya startapı olaraq qlobal rəqiblərinizlə çətinlik yaşayırsınız?

3 il əvvəl xaricə çıxış prosesimizdə çoxlu uğursuz cəhdlərimiz oldu. İlk olaraq Fransada “StationF” adlı dünyanın ən böyük startap kampusuna qəbul olunduq və ilk dəfə şansımızı orada sınadıq. Lakin Fransada görüş təyin etməkdə belə çətinlik çəkdik.

Sonra baş ofisimizi İngiltərəyə köçürdük və İngiltərədə şansımızı sınadıq. İlk ildə həm görüş təyin etməkdə, həm də satış etməkdə çətinlik çəkdik. Qurulmuş şəbəkəmizin və “Sociality.io” markası ilə bağlı məlumatlılığın olmaması səbəbindən istədiyimiz satışları edə bilmədik.

Sonra bütün diqqətimizi rəqəmsal kontent marketinqinə verdik və ölkədən asılı olmayaraq bütün dünyaya onlayn satış edə biləcəyimiz modelə keçid etdik. Daha sonra bütün proseslər sürətləndi və əvvəl də qeyd etdiyim kimi bunun sayəsində 30-dan çox ölkədən müştərilərə çata bildik.

8. Öz işini qurmuş və illərdir bu sahədə zəhmət çəkən bir startapçı olaraq gənclərə nə tövsiyə edərdin?

Startapçılıq çox çətin və yorucu bir səyahətdir. O, həmçinin bir çox uğursuzluqları da özündə birləşdirir. Onlara bu səyahətdən vaz keçmədən dəfələrlə cəhd etməyi tövsiyə edirəm. Vacib olan odur ki, uğursuzluqlarından nəticə çıxarıb növbəti səyahətlərə daha güclü başlasınlar.

9. Son illərdə gənclər ciddi şəkildə startapçı olmağa yönəlib. Səncə, kimlər startapçı olmamalıdır?

Məncə, hər kəs startapçı olmalıdır. :) Böyük bir qurumun içərisində də startapçılıq edilə bilər və ya təkbaşına startapçı olmaq olar. Mən startapçılığın qayda-qanunlardan ibarət olduğuna qətiyyən inanmıram.

10. Gündəlik və həftəlik planlar qurduğun və istifadə etməsəm, hər şeyin alt-üst olacağını dediyin proqramlar var?

Bəli, var. “Todoist”də bütün işlərimi və layihələrimi izləyirəm. Sənədlər üçün “Notion” proqramından istifadə edirəm. Şirkətdaxili ünsiyyət üçün isə “Slack” proqramı əlverişlidir.

11. İzlədiyin podkastlardan və marketinq, biznes, startapçılıq və ya məhsuldarlıq haqqında oxuduğun kitablardan tövsiyələrin var? Kimlərdən ilham alırsan?

Bret Bersonun "In Depth" adlı podkastını tövsiyə edərdim. Xüsusilə startaplarında uğur əldə etmiş şəxslərdən bəhs edilir, bu insanların iş həyatı dərindən araşdırılır.

Posted 
Sep 24, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All