SABAH.lab Akselerasiya Mərkəzinin məzun startaplarından biri Perkskit Avropanın “Startup Wise Guys” akseleratoruna qəbul olaraq 90 min Avro dəyərində investisiya alıb.

Bu əlamətdar hadisə ölkənin ən böyük yerli startap və innovasiyalar tədbiri olan “Baku Investment Day”-dən sonra baş verib. Qeyd edək ki, tədbir SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən Kapital Bank-ın baş sponsorluğu ilə təşkil olunmuşdu. Tədbirdə 24 yerli startap dünyanın bir neçə regionundan dəvət alan investorlara təqdim olundu. Tədbir sonrası davam edən danışıqlar nəticəsində fintech startap olan PerkskitStartup Wise Guys”-ın akselerasiya proqramına qəbul olaraq yatırım əldə etməyə müvəffəq oldu.

Perkskit,şirkətlərin əməkdaşları üçün loyallıq proqramını anında yarada bildikləri platformadır. Qurucu komandanın üzvləri Fuad Muradov, Fərid Ağamalıoğlu Faiq Rüstəmov bir neçə dəfə startap layihələrdə iştirak ediblər. Fuadın ilk təcrübəsi 500 Global-ın “Startup Ignition Program”-ından keçib. Proqramdan məzun olduqdan sonra o öz karyerasını sahibkarlıq yönündə dəyişmək qərarına gəlib.

Fəridi isə buraya cəlb edən əsas amil həm komanda həm də ideya formalaşmasında SABAH.lab-ın göstərdiyi dəstək olub:

“SABAH.lab ilə tanış olmamışdan əvvəl bir neçə layihə ilə maraqlanmış və yer almışam. Çoxusu sadəcə tədrislə təmin edirdi deyə proqram sonunda yekun bir nəticə alınmırdı. Sosial şəbəkələrin birində SABAH.lab haqqında post qarşıma çıxdı və onların təkliflərinin arasında IE Biznes Məktəbi tərəfindən tədris, ideya və komanda formalaşmasında dəstək, MVP üçün toxum investisiya ilə təmin diqqətimi çəkdi və müraciət etmək qərarına gəldim. SABAH.lab həqiqətən də bu ekosistemdə mövcud problemlərə həll təklif edir.” – deyə Fərid bildirir.

İş yerlərinin işçiləri sığorta, idman zalları, taksi xidməti kimi üstünlüklərlə təmin etməsini hər kəs istəyər. Lakin burada ortaya bir problem çıxır: heç də təmin olunan üstünlüklər hər zaman işçilərin maraq dairələrində olub onların ehtiyacını qarşılamır. Beləcə, iş yerləri loyallıq proqramlarına lazımsız pullar xərcləyir və çox zaman isə sonda onu dayandırırlar. Perkskit platforması bu problemə çarə olaraq gəlir: həm işçilərin istəklərinə uyğun üstünlük seçənəyi çoxdur, həm də şirkətlər loyallıq proqramlarına ayırdıqları büdcəyə nəzarət edərək onun nə dərəcədə istifadə olunduğunu yoxlaya biləcəklər.

Komandanın bir digər üzvü Faiq bildirir ki, bu ideyaya gələnə qədər onlar 7 başqa ideyanı sınaqdan keçiriblər. Lakin komanda üzvləri aldıqları mentor dəstəyi sayəsində etdikləri araşdırmalarla bu ideyaların uzunmüddətli olmayacağı qənaətinə gəliblər.

“Biz bu ideyanın uğurlu olacağına inanırıq, çünki ideyanın ünvanı birbaşa olaraq mövcud problemə həll yoludur. Daim komanda olaraq ortaq məxrəcə gəlməmiz bizə bu ideya üzərində qərarlaşmağımızda çox kömək oldu.” – deyə Faiq və Fərid bildirirlər.

Həmçinin komanda üzvlərinin HR sahəsi üzrə təcrübələri işçilərin motivasiyaya ehtiyac duyduğunu və loyallıq proqramları olan şirkətlərin daha tez talant cəlb etmə qabiliyyəti olduğundan onlara xəbər verirdi.

Komanda üzvləri bildirirlər ki, bu ideyanın formalaşıb startap kimi fəaliyyətə başlaması yolunda SABAH.lab-ın qatqısı böyükdür.

“SABAH.lab-da biz ən nüfuzlu universitetlərin professorlarından və sahə ekspertlərindən dərslər alırdıq. Üstəlik SABAH.lab komandası hər mərhələmizdə bizdən dəstəyini əsirgəməyib. Komanda olaraq formalaşmamızda, ideyanın inkişaf edib işlək prototipə çevrilməsində, mentorlar və ekspertlərlə, invetsorlarla əlaqə yaradılmasında SABAH.lab-in dəstəyi əvəzsizdir. Onlar ideyamızı ilkin investisiya ilə təmin etməklə yanaşı, həm də bizimlə investorlar arasında şəbəkənin qurulmasında yardımçı oldular və beləcə, Baku ID tədbirindən sonra biz investisiya almağa müvəffəq olduq. Bu nailiyyətimizdə SABAH.lab-ın qatqısı çox böyükdür.” -deyə komanda üzvləri bildiriblər.

Görünür ki, əzm, motivasiya və doğru yerdə doğru insanlarla bir araya gələ bilmək şansı müvəffəqiyyət qazanma ehtimalını qat-qat artırır. SABAH.lab-da qurulan komandalar bu ehtimalı gerçəyə çevirmək uğrunda inamla addımlayır  və artıq Perkskit üçün SABAH.lab bu uğuru qazanmaq üçün doğru ünvan oldu.

"Baku ID" tədbiri ilə bağlı detallı yazımızla tanış olmaq üçün klik edin.

Posted 
Sep 20, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All