Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Meta”nın “Llama AI” modelinin inkişafı üçün 81.7 TB-lıq pirat kitab əməliyyatı!

“Meta” “Llama AI” modelini təkmilləşdirmək üçün 81.7 TB-lıq pirat kitabları yükləməkdə ittiham olunur! Yeni yayımlanan sənədlərə görə şirkət “Torrent” şəbəkələri vasitəsilə “Anna’s Archive” “Z-Library” və “LibGen” kimi mənbələrdən qeyri-qanuni formada minlərlə müəllifin əsərlərini əldə edib.
Hətta Mark Zuckerberg-in bu məsələdən xəbərdar olduğu iddia edilir!
Sızan məlumatlara görə, “Meta” işçiləri bu metodlardan narahat olublar. Bir mühəndis hətta belə yazıb:
“Korporativ laptopda torrent yükləmək mənə düzgün gəlmir.”
Sənədlərə əsasən, “Meta” hüquqi risklərdən yayınmaq üçün xüsusi tədbirlər görüb:
- Yüklənən fayllardakı müəllif hüququ işarələrini silib,
- “Metadata” məlumatlarını dəyişdirib,
- “Torrent” yükləmələri "stealth mode" rejimində işləyib ki, izlənilməsin.
Bütün bunların Mark Zuckerberg-in məlumatı və razılığı ilə baş verdiyi iddia edilir.
“Meta”nın müdafiəsi və hüquqi risklər
Bu açıqlama “Meta”nın hazırda məhkəməyə verildiyi bir dövrdə gəlir. Müəlliflər o cümlədən Sarah Silverman və Christopher Golden “Meta"nı müəllif hüquqlarını pozmaqda günahlandıraraq iddia qaldırıblar. Şirkət isə “Fair Use” (ədalətli İstifadə) prinsipi altında bu mənbələrin istifadəsini müdafiə edir.
“PlayStation” həvəskarları üçün “State of Play 2025” tarixi məlum oldu!

Oyun dünyasının gözlədiyi an gəldi! “Sony” “PlayStation” üçün yeni ”State of Play 2025” tədbirinin 12 fevral saat 02:00-da(ASİ) baş tutacağını açıqladı. Təxminən 40 dəqiqə davam edəcək bu tədbirdə “PS5” oyunları ilə bağlı mühüm yeniliklər paylaşılacaq.
Tədbirdə nələr təqdim olunacaq?
- “PS5” üçün yeni oyunlar: “Death Stranding 2” və “Ghost of Yotei” başda olmaqla ”Sony”nin 2025 oyun planına daxil olan bir çox layihə təqdim ediləcək.
- “Insomniac Games” & “Bluepoint Games” sürprizi: “Marvel’s Spider-Man 2”dən sonra “Insomniac”ın yeni layihəsi açıqlana bilər. Həmçinin, “Bluepoint Games”in yeni oyunu haqqında məlumat verilməsi gözlənilir.
- “PlayStation” oyunları PC-yə gəlir? Son şayiələrə görə, bəzi “PlayStation” oyunları PC üçün də təqdim oluna bilər.
- Üçüncü tərəf oyunları: “Monster Hunter Wilds”, “Elden Ring Nightreign”, “Assassin’s Creed Shadows” və “DOOM: The Dark Ages” kimi oyunların təqdim olunması mümkündür.
“Sony” 2025-ci ildə “PlayStation” oyunlarının siyahısını genişləndirmək niyyətindədir, bunun üçün bu tədbir yeni elanlarla dolu olacaq!
“Apple” “Powerbeats Pro 2” qulaqcıq modelini tanıtdı!

“Apple”ın “Beats” brendi idman həvəskarları üçün xüsusi dizayn edilən “Powerbeats Pro” modelinin ikinci nəsil versiyasını təqdim etdi. “Powerbeats Pro 2” daha kiçik, daha yüngül və daha ağıllı xüsusiyyətlərlə gəlir.
Əsas xüsusiyyətlər:
- Ürək atışı sürəti ölçümü: Hər qulaqcıqda olan LED optik sensorlar ilə saniyədə 100 dəfədən çox qan axınını analiz edir və məşq zamanı məlumat təqdim edir.
- Aktiv kənar səs ləğvi (ANC) və şəffaflıq rejimi: Apple-ın H2 çipi sayəsində səs-küyün tam idarə olunmasını təmin edir.
- Erqonomik dizayn: 20% daha kiçik, 33% daha yüngül, daha rahat və stabil oturuş təmin edir. Beş fərqli silikon ucu ilə fərqli qulaq formalarına uyğunlaşır.
- Batareya Ömrü:
· ANC Açıq: 8 saat (şarj qutusu ilə birlikdə 36 saat)
· ANC Qapalı: 10 saat (şarj qutusu ilə birlikdə 45 saat)
- Şarj texnologiyası: USB Type-C və Qi simsiz şarj dəstəyi.
“Powerbeats Pro 2” narıncı, bənövşəyi, boz və qara rənglərdə 249 $ qiymət ilə satışa çıxarılıb.
Elon Musk adını dəyişdi, “X” qarışdı!

Elon Musk bir daha “X” platformasında istifadəçi adını dəyişdi. Yeni adı “Harry Bolz” olan Musk-ın bu addımı, sosial mediada böyük maraq və mübahisələrə səbəb olub. “Harry Bolz” adının xüsusi bir mənası olub-olmadığı bilinmir, lakin Musk-ın bu addımı “OpenAI” ilə yaşanan gərginliyin fonunda daha çox diqqət çəkib.
Ad dəyişikliyinin arxasında nə var?
Musk-ın bu addımı “OpenAI” ilə olan münaqişəsi fonunda baş verdi. Milyarder iş adamı, “ChatGPT”nin sahibi “OpenAI”ı almaq üçün 97,4 milyard dollar təklif etdi. Lakin şirkətin CEO-su Sam Altman bu təklifi rədd etdi və cavabında Musk-a “X”i 9,74 milyard dollara satmağı təklif etdi.
Musk isə Altman-ın bu açıqlamasına "dələduz" ifadəsi ilə cavab verdi.
Musk-ın təkrarlanan ad dəyişiklikləri
Bu, Elon Musk-ın “X”də ilk dəfə adını dəyişməsi deyil. Keçmişdə "Kekius Maximus" və digər ləqəblərdən istifadə edən Musk, tez-tez bu cür dəyişikliklər etməklə diqqət çəkməyə çalışır.
“Binance” və “SEC” məhkəməsinə 60 günlük fasilə verildi!

Kriptovalyuta dünyasında gözlənilməz hadisə yaşandı. “ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası” (SEC) və “Binance” arasındakı məhkəmə prosesinə 60 günlük fasilə verildi. 2025-ci ilin yanvarında vəzifəyə gələn “SEC” rəhbəri Mark T. Uyeda yeni kripto tənzimləmə çərçivəsi hazırlamaq üçün xüsusi işçi qrupu qurdu.
Məhkəmənin dayandırılmasının səbəbi nədir?
- “SEC”, “Binance” və qurucusu Changpeng Zhao-nu qeyri-qanuni qiymətli kağız satışı və investorları aldatmaqla ittiham edirdi.
- “Binance” isə iddiaları əsassız hesab etdiyini bildirirdi.
Bu yeni yanaşma səbəbilə həm “SEC”, həm də “Binance” məhkəməyə birlikdə müraciət edərək, prosesi 60 gün dayandırmağı xahiş etdi.
Binance nə deyir?
“Binance”: “İddianın əsassız olduğunu sübut etməyə davam edəcəyik” dedi. Şirkət gələcəkdə lisenziyalı və təhlükəsiz kripto mühitinin yaradılmasına fokuslanacağını vurğuladı.
Bu qərar kriptovalyuta dünyasına necə təsir edəcək?
- “Bitcoin” və digər kriptovalyutaların qiymətində sabitlik yarana bilər.
- Yeni tənzimləmələr kripto sektorunda daha aydın qaydalar gətirə bilər.
- “SEC” və “Binance” arasında mümkün bir razılaşmanın ilk addımı ola bilər.