Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" "iPhone" istifadəçilərini təcili yeniləmə etməyə çağırır

"Apple" iOS 18.3.1 yeniləməsini yayımlayaraq "iPhone" istifadəçilərinə bu yeniləməni dərhal quraşdırmağı tövsiyə edib. Şirkət bildirir ki, bu versiya artıq real hücumlarda istifadə olunan ciddi bir təhlükəsizlik boşluğunu aradan qaldırır. Problem fiziki hücum zamanı kilidli cihazlarda USB Məhdudiyyət Modunun deaktiv edilə bilməsi ilə bağlıdır. Sözügedən boşluq Toronto Universitetinin Munk Məktəbindən The Citizen Lab tədqiqatçısı Bill Marczak tərəfindən aşkar edilib.
“OnePlus Watch 3" təqdim edildi!

OnePlus" 18 fevralda satışa çıxarılacaq "OnePlus Watch 3"ü rəsmi olaraq təqdim edib. Saat "Wear OS 5" əməliyyat sistemini və ikili çipset texnologiyasını istifadə edərək yüksək performans və uzunmüddətli enerji balansını təmin edir. "OnePlus Europe"un Marketinq Direktoru Celina Shi batareya gücünün 631 mAh-a qədər artırıldığını və xüsusi "NanoStack" texnologiyası ilə enerji sıxlığının yüksəldildiyini bildirib.
"Nintendo Switch 2"nin qiyməti sızdırılıb

Kanadadakı "Costco" mağazalarından birində "Nintendo Switch Place Holder" adlı daxili məhsul siyahısı görüntülənib. Sızan məlumatlara görə, məhsulun qiyməti 499 Kanada dolları olaraq qeyd edilib ki, bu da "Switch OLED" modelindən 50 dollar daha bahadır. Analitiklər və sənaye mənbələri uzun müddətdir ki, "Nintendo Switch 2"nin ABŞ-də 399 dollara satılacağını proqnozlaşdırırdı. Bununla belə, siyahının yeni nəsil konsola yoxsa xüsusi bir "Switch 1" paketinə aid olduğu hələ dəqiqləşdirilməyib.
"Oppo" dünyanın ən incə qatlanan smartfonunu təqdim etməyə hazırlaşır

"Oppo" dünyanın ən incə kitab tərzində qatlanan telefonu olan "Find N5" modelini fevralın 20-də təqdim edəcək. "Snapdragon 8 Elite" prosessoru ilə təchiz olunan cihaz IPX6, IPX8 və IPX9 sertifikatlı suya davamlılıq xüsusiyyətləri və simsiz şarj imkanları ilə gəlir. Ekrandakı qatlanma izini minimuma endirən "Oppo" cihazın möhkəm və dayanıqlı olduğunu vurğulayır.
Elon Musk Kanye West-in "X" hesabını bağladı

Kanye West-in "X" hesabı Elon Musk tərəfindən məhdudlaşdırılıb. Buna səbəb West-in hesabında irqçilik və antisemitizm xarakterli paylaşımlardan əlavə pornoqrafik videolar paylaşması olub. Musk əvvəlcə West-in hesabını “Yetkinlər üçün” olaraq işarələyib və paylaşımlarının yayılmasını məhdudlaşdırıb. Lakin reper daha sonra platformadan ayrıldığını açıqlayıb və Musk-a ona öz fikirlərini ifadə etmək üçün imkan yaratdığına görə təşəkkür edib. West-in sözlərinə görə, o, psixi sağlamlıq problemləri yaşamır və özünü yaxşı hiss edir.