Doodle"un sol tərəfində Lütfi Zadə, sağda isə 2-lik koordinat sistemi təsvir edilib. Həmin bu şəkilə klik etdikdəsə alim barəsində məlumata sahib olmuş oluruq.
Kimdir Lütfi Zadə?
Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmuşdur.
Bu gün dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi alimin elmə olan ən böyük töhfələrindən biridir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq.
Alimin fəaliyyətləri
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır.
Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub.
Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qarşılayın robot Alter
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.
Qorxulu görünsə də bu robot süni intellekt sayəsində düşünə, qərar qəbul edə bilir. Hətta əl-qol hərəkətləri ilə fikirlərini, emosiyaların çatdıra, üzərindəki işıq və səs sensorları sayəsində mühitə uyğun davrana bilir.
Alim 96 yaşında Amerikada dünyasını dəyişib
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılmışdır.
Həmin gün alimlə AMEA-da vida mərasimi keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdi. Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.