R

əqəmsallaşma KOB-ların fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və rəqabət qabiliyyətini artıracaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşlığı nəticəsində ərsəyə gələn KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi baş tutub. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, eləcə də KOB sahibkarları iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları ölkədə rəqəmsallaşma siyasəti çərçivəsində rəqəmsal hökumət, cəmiyyət və biznes istiqamətlərində həyata keçirilən fəaliyyətin icmalı ilə tanış edib. KOB-ların rəqəmsallaşması proqramının mahiyyəti və əhəmiyyətinə toxunan S. Məmmədov bunu bildirib: “Proqramın başlıca məqsədi rəqəmsallaşmanı təşviq etməklə kiçik və orta biznesləri dəstəkləmək, onların effektivliyini, rəqabət qabiliyyətini və bazar əhatəsini genişləndirməkdir. KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında maariflənməsi məqsədilə seminarlar və təlim proqramları təşkil olunacaq, eyni zamanda “CTO-as-a-Service" vauçerləri kimi təşəbbüslərlə bacarıqların artırılması dəstəklənəcək”. O, həmçinin bu proqramın “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer alan kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullarla təşviq edilməsi məqsədinə xidmət etdiyini də xüsusilə vurğulayıb.

Daha sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib. O qeyd edib ki, rəqəmsallaşmanın ümumilikdə KOB-ların yeni bazarlara çıxışı, əməliyyat mühitinin səmərəliliyi və işçi heyəti ilə təmas üsullarının inkişafı baxımından böyük potensialı var. “Rəqəmsal həllər KOB-ların daha asanlıqla qlobal dəyər zəncirinə inteqrasiya etməsinə, innovativ fəaliyyətini yüksəltməsinə və məhsuldarlığın artmasına köməklik edə bilər, ” - deyə, Agentlik sədri bildirib.

Növbəti çıxış zamanı KOB-ların Rəqəmsallaşdırılması Proqramının rəhbəri Elturan Əhmədbəyli əvvəlcə proqramın reallaşdırıldığı 4 mərhələ haqqında təqdimatla çıxış edib. Hal-hazırda proqramın 3-cü mərhələsi icra edilir. Layihə rəhbərinin sözlərinə görə, sözügedən proqram bazar araşdırması, dünya təcrübəsi və yerli KOB-ların təhlili, təchizatçılarla görüşlər və proqrama daxil olan layihələrin icrası mərhələlərindən ibarətdir. Daha sonra o, KOB-ların Rəqəmsallaşma Proqramının “digiMATE” və “DIGI30” kimi layihələri haqqında ətraflı məlumat verib.

Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov çıxış edib. O öz nitqində rəqəmsal iqtisadiyyatın inkişafına dəstək çərçivəsində həyata keçirilən təşəbbüslərdən danışıb. F. Cəfərov eyni zamanda KOB-ların Rəqəmsallaşma Proqramının əhəmiyyətini də vurğulayıb:

Bu gün yaradılan proqram KOB-ların ilkin qiymətləndirilməsinin aparılması, onların gələcək rəqəmsal alətlərə olan ehtiyacının müəyyənləşdirilməsi və nəticə etibarilə daha sistemli və holistik formada dəstəklənməsi üçün böyük rol oynayır”.

Qeyd edək ki, KOB-ların Rəqəmsallaşma Proqramı onların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq, rəqabət qabiliyyətini artırmaq və bazar imkanlarını genişləndirmək məqsədilə hazırlanmışdır. Bu proqram çərçivəsində kiçik və orta bizneslər üçün maarifləndirici seminar və təlimlərin təşkil olunması, eyni zamanda “CTO-as-a-Service” kimi təşəbbüslər vasitəsilə bacarıqların artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. Rəqəmsallaşma təşəbbüsləri qrantlar və digər maliyyə mexanizmləri ilə dəstəklənməsi də nəzərdə tutulu. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılmış “digiMATE” platforması artıq 2024-cü ilin avqust ayından etibarən istifadəyə verilib.

Posted 
Oct 1, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All