Gələcəyin peşələri hansılardır? Bu sual həmişə populyardır. “LinkedIn” son 5 ildə populyarlaşan 15 peşəni və bu peşələrin gələcəyini müəyyən edən trendləri açıqlayıb.
Qlobal iqtisadiyyatda pandemiya və bu dövrdən sonrakı problemlər iş həyatında ciddi dəyişikliklərə səbəb olub və olmaqdadır. Bu dəyişiklik dövründə startaplar böyüyür və hibrid iş yerləri getdikcə artır. Bir çox peşəkar üçün həm cari iş vəziyyətləri, həm də karyeraları ilə bağlı qeyri-müəyyənlik hökm sürür.
“LinkedIn” 2023-cü ildə artan iş yerlərinin siyahısını belə xülasə edir: “2023-cü ilin siyahısı son 5 ildə ən sürətlə böyüyən 15 iş sahəsini müəyyən etmək üçün real “LinkedIn” datalarından istifadə edir və uzunmüddətli fürsətlərin hansı sahələrdə olduğu, işçi qüvvəsinin haralara yönəldiyi mövzularında insaytlar verir. Hal-hazırda aktiv olaraq iş axtarışında olsanız da, olmasanız da, siyahı karyeranızın növbəti mərhələləri üçün qərar verməyinizə və gələcəyin iş dünyasına hazır olmağınıza yardımçı ola bilər.
Yeni yaranan peşələr əslində karyera məqsədləri üçün yeni bacarıqlar əldə edilməsinin və hədəflərə fokuslanmağının vacibliyini də vurğulayır.
“LinkedIn”in datalarına görə 2023-cü ilin ən populyar peşələri aşağıdakılardır:
1. Game Designer (Oyun dizayneri)
Oyun dizaynerləri oyun konsolları, kompüterlər, telefonlar və planşetlər kimi rəqəmsal mediada oynanılan oyunlarda süjet, personajlar və vizual dizaynı kimi müxtəlif elementlərin yaradılmasından cavabdehdirlər.
2. Blockchain Developer (Blokçeyn tərtibatçısı)
Blokçeyn tərtibatçıları kriptovalyutalar, ağıllı müqavilələri və daha çox alətləri inkişaf etdirmək məqsədilə müxtəlif proqramlaşdırma dillərindən istifadə edərək blokçeyn texnologiyasına əsaslanan proqram təminatı yaradırlar.
3. Growth Specialist (İnkişaf üzrə mütəxəssis)
İnkişaf üzrə mütəxəssislər xidmət göstərdikləri şirkətin böyüməsinə və gəlirlərinin artmasına kömək etmək məqsədilə marketinq və məhsul inkişafı qrupları ilə əməkdaşlıq edərək yeni bazar və müştəri imkanlarını müəyyənləşdirirlər.
4. Customer Success Specialist (Müştəri müvəffəqiyyəti üzrə mütəxəssis)
Müştəri müvəffəqiyyəti üzrə mütəxəssislər müştərinin satın aldığı məhsul və ya xidmətdən tam yararlanması və mümkün olan ən yaxşı təcrübəni ona yaşatmaq üçün müxtəlif kommunikasiya kanalları vasitəsilə dəstək və yardım göstərirlər.
5. Game Artist (Oyun rəssamı)
Oyun rəssamları 3D modelləşdirmə və illüstrasiyadan istifadə edərək rəqəmsal oyunlarda yerlər və personajlar kimi bədii elementlər yaratmaq üçün oyun dizaynerləri və oyun tərtibatçıları ilə işləyirlər.
6. Artificial Intelligence Engineer (Süni intellekt mühəndisi)
Süni intellekt mühəndisləri maşın öyrənmə alqoritmlərini tərtib edərək maşınların insan beyni kimi məntiqli və səmərəli işləyəcək formada proqramlaşdırılmasından cavabdehdirlər. Bundan əlavə, onlar bu proqramların icrasından da məsuldurlar.
7. Game Developer (Oyun tərtibatçısı)
Oyun tərtibatçıları texniki tələblərdən və oyunun hansı platformada olmasından asılı olaraq müxtəlif kodlaşdırma dilləri ilə sıfırdan rəqəmsal oyun yaradan proqram təminatı mütəxəssisləridir.
8. Patient Coordinator (Xəstələrlə əlaqə üzrə koordinator)
Xəstələr əlaqə üzrə koordinatorlar xəstənin sağlamlıq və müalicə ehtiyaclarını idarə etməyə kömək etməklə yanaşı, xəstə ilə tibb işçisi arasında yaşanan problemlərə vasitəçilik etmək və müştəri məmnuniyyətini təmin etməkdən cavabdehdirlər.
9. Concept Artist (Konsept rəssamı)
Konsept rəssamları oyunun və ya animasiyanın əsas tərzini müəyyən edən və layihədəki dizayn ideyalarının necə görünəcəyini adətən 2D formatında yaradan vizual rəssamlardır.
10. Software Quality Assurance Engineer (Proqram təminatının keyfiyyəti üzrə mühəndis)
Proqram təminatının keyfiyyəti üzrə mühəndislər proqram təminatı məhsullarının istənilən keyfiyyətə və tərtibatçı şirkət tərəfindən müəyyən edilən standartlara cavab verməsini təmin etmək üçün proqram təminatının təkmilləşdirilməsi prosesini addımbaaddım izləyirlər.
11. Robotics Engineer (Robotexnika mühəndisi)
Robototexnika mühəndisləri bir çox sənaye sahələrində, xüsusilə də istehsalatda istifadə olunan robotların və robot sistemlərinin dizaynı, inkişafı və konfiqurasiyasından cavabdehdirlər. Həmçinin bu sistemləri sınaqdan keçirmək üçün proqram sistemləri də yaradırlar.
12. Data Engineer (Data mühəndisi)
Data mühəndisləri bir təşkilat daxilində müxtəlif mənbələrdən məlumatları layihələndirmək, qurmaq, inteqrasiya etmək və idarə etməklə məlumat infrastrukturunu hazırlayan proqram mühəndisləridir.
14. 3D Artist (3D Rəssamı)
3D rəssamları kompüter dəstəkli dizayn proqramlarının köməyi ilə üçölçülü model dizaynları və ya obyekt təsvirləri yaradan multimedia rəssamlarıdır.
15. Product Owner (Məhsul sahibi)
Məhsul sahibləri məhsulun dəyərini artırmaq üçün məhsulun dizaynı, təkmilləşdirilməsi, istifadəyə verilməsi, izlənilməsi və məhsula xidmət edəcək yeni həllərin araşdırılması da daxil olmaqla bir sıra işlərdən cavabdehdirlər.