4 sentyabr 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbir keçirilib. Bu tədbir “29 İqlim söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər proqramı çərçivəsində baş tutub.
Çıxışçılar arasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva yer alıb.Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini Samir Məmmədov Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolundan danışıb:
“Rəqəmsallaşma və innovasiyanın gücündən yararlanaraq ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi prinsipləri bizim gələcəyə baxışımızın əsasını təşkil edir. COP29 sammiti Azərbaycanın rəqəmsal transformasiya və innovativ həllərlə dayanıqlılıq, yaşıl iqtisadiyyat, o cümlədən təbiətin qorunması üzrə təşəbbüslərinin nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, texnologiya və səmərəlilik prinsiplərini birləşdirərək, biz iqtisadi artım və ekoloji məsuliyyətin bir araya gəldiyi dayanıqlı gələcəyi qura bilərik.”
Daha sonra İRİA-nın sədri İnarə Vəliyeva “Kağızsız hökumət”ə keçid istiqamətində həyata keçirilən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi barədə məlumat verib:
“Bu təşəbbüsün əsas məqsədi qabaqcıl texnologiyalardan maksimum səviyyədə istifadə etməklə ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi ilə biz 90% məlumat dəqiqliyini hədəfləyən və qurumlararası məlumat mübadiləsini 7 gündən az müddətə endirən tam 'Kağızsız hökumət'ə keçid edirik. Altsistem dövlət qurumları arasında sənədləşmə proseslərini tam rəqəmsal formada həyata keçirir ki, bununla da kağızdan istifadənin və ağacların kəskin şəkildə azalmasına nail oluruq.”
Ardınca, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəqəmsal innovasiyanın qlobal iqlim gündəliyi ilə yanaşı dayanıqlı inkişaf məqsədlərinə töhfə verməsi baxımından birbaşa əhəmiyyətindən danışıb:
“COP29-a doğru irəliləyərkən, Azərbaycanın rəqəmsal transformasiyaya keçidi hədəfləməsi texnologiyanın ətraf mühit və sosial dəyişiklikləri irəli aparmaq gücünü nümayiş etdirir. Kağızsız hökumətə keçid, Azərbaycanın dayanıqlı inkişaf üçün rəqəmsal yeniliklərdən istifadə etməyə dair geniş strategiyasının vacib addımıdır. Rəqəmsal həlləri dövlət idarəçiliyinə inteqrasiya etməklə, Azərbaycan təkcə iqlim dəyişikliyinə qarşı mübarizə aparmır, həm də məsuliyyətli istehlak, innovasiya və ətraf mühitin qorunmasının idarəetmənin mərkəzində olduğu bir gələcəyin əsasını qoyur.”
Tədbir zamanı Birləşmiş Millətlər Təşkilatının İqtisadi və sosial məsələlər idarəsinin (UN DESA) Rəqəmsal hökumət şöbəsinin müdiri Vinçenzo Akvoro “Rəqəmsallaşma metodologiyasi və iqlim dəyisikliyi” mövzusunda geniş təqdimatla çıxış edib. Daha sonra “Kağızsız hökumətdə beynəlxalq təcrübə: Rəqəmsal hökumət məhsullarinin ətraf mühitə təsirləri” və “Rəqəmsal əsrdə idarəetmə: texnologiyalarin inkisafi və vətəndas istirakinin təsviqi” mövzularında panel sessiyaları keçirilib. Bu sessiyalarda müxtəlif qurumların aparıcı nümayəndələri ilə yanaşı rəqəmsal hökumət üzrə yerli və beynəlxalq ekspertlər tərəfindən ətraflı müzakirələr aparılıb.
Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyevin “Kağızsız Hökumət təşəbbüsləri” mövzusunda edilən təqdimatı ilə davam edib. O, kağız istehlakını azaltmaq, rəqəmsal iş axınını gücləndirmək və dövlət xidmətlərinin səmərəliliyini artırmaq üçün həyata keçirilən müxtəlif layihələr və təşəbbüslər haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etməkdir. Tədbirdə dünyanın müxtəlif yerlərində uğurlu təcrübələr və strategiyalar nümayiş etdirilərək rəqəmsal transformasiya və ekoloji dayanıqlılığın kəsişməsini əks etdirən məqamlara toxunulub. Birgə müzakirələr və bilik mübadiləsi vasitəsilə iştirakçılar həm ekoloji, həm də sosial rifahı dəstəkləyən effektiv rəqəmsal strategiyaların həyata keçirilməsi ilə bağlı geniş anlayışlar üzərində müzakirələr aparıblar.