ər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq “İKT-də Qızlar” Günü bu il aprelin 25-nə təsadüf edir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis olunan əlamətdar gün qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.
Hazırda Azərbaycanda İKT sahəsinin inkişafında gender bərabərliyinin qorunması, qadınların bu sahədə aktiv iştirakının təmin edilməsi prioritet məsələlərdən hesab olunur. Bu missiyaya uyğun olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirdiyi proqram və layihələrdə qadınların aktivliyinin təmin edilməsi xüsusi diqqət yetirir.
Belə ki, İRİA-nın “Technest” təqaüd proqramı çərçivəsində İKT üzrə təqaüdlü təlimlərə cəlb olunan ümumilikdə 5459 tələbədən 2077 nəfəri xanımdır. Bu proqram üzrə regionlardan indiyə qədər 701 xanım İKT təlimlərinə qoşulub. Bununla yanaşı, İRİA nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 36 kibertəhlükəsizlik üzrə mütəxəssis xanım yetişdirilib.
Cari il startap komandalarında olan 873 komanda üzvünün 283-ü qadınlardan təşkil olunub. Bu da təqribi hər 3 startap üzvündən birinin qadın olduğunu göstərir. Regionlarda keçirilən innovativ proqramlarda iştirak etmiş 40 startapın 24-nün təsisçisi qadındır. Eyni zamanda, startap və innovasiya sahəsində fəaliyyətin təşviqi üçün 29 mentor qadın yetişdirilib.
Gender bərabərliyini və qadınların İKT sektorunda iştirakını təşviq etmək üçün atılan addımlar Azərbaycanın rəqəmsal mənzərəsinin inkişafında mühim rol oynayır. Qadınların İKT və innovativ istiqamətdə bilik və bacarıqlarını gücləndirmək, eyni zamanda əhatəli rəqəmsal gələcəyə yol açır.