“MediaMuv” adlı media şirkəti “YouTube” üzərindən dələduzluq yolu ilə 23 milyon dollarlıq royalti mənimsəməkdə ittiham olunur.
Bəs royalti nədir? Royalti – ingiliscə “royalty – kral imtiyazları” sözündən götürülüb və əmtəələrdən, ixtiralardan, patentlərdən, yeniliklərdən, kitab buraxılışı və filmlərin nümayişi lisenziyalarından istifadə etmək hüququna görə vaxtaşırı edilən ödənişlərdir.
Belə ki, “YouTube”da digər şəxslərin yüklədiyi musiqilərin sizə aid olduğunu iddia edərək royaltiləri mənimsəyə bildiyinizdən xəbərdar idiniz? Bir çox musiqiçilərin müəlliflik hüquqlarının “YouTube” üzərindən məhz bu şəkildə oğurlandığı ortaya çıxıb.
Hekayə J.M.Teran və V.Batista adlı iki şəxsin “MediaMuv” adlı şirkəti yaratmağı ilə başlayır. Müxtəlif latın mahnılarının və bəstələrinin müəlliflik hüquqlarına sahib olduğunu iddia edən şirkət 2017-ci ildən bu yana ümumilikdə 50 mindən çox müəlliflik hüququnu oğurlayıb.
Müəlliflik hüquqlarına sahib olduğunu iddia etməsi və royaltiləri mənimsəməsi üçün “MediaMuv” şirkətinin “AdRev” şirkəti ilə ortaq olmağı mütləq idi. “AdRev” şirkəti “YouTube”un kontent idarəetmə sistemi (CMS) və “Content ID” sisteminə girişi olan və sənətçilərin dijital müəlliflik hüquqlarını idarə etməsinə yardımçı olan üçüncü tərəfdir. Belə ki, “MediaMuv” şirkətinin mahnıların özlərinə aid olduğunu sübut etmək üçün saxta sənədlər yaratdığı və bu sənədləri “AdRev”ə göndərdiyi bildirilib. “AdRev” isə “MediaMuv”un royaltiləri mənimsəməsinə kömək etməklə kifayətlənməyib, hətta Teran və Batistanı kontent idarəetmə sisteminə birbaşa girişlə də təmin edib.
Teran ve Batistanın 4 illik müəlliflik hüququ oğurluğu “IRS”dən (Daxili Gəlir Xidməti) gələn bir sorğudan sonra keçən ilin sonlarında ortaya çıxıb. İkili dələduzluq, elektron fırıldaqçılıq, çirkli pulların yuyulması və ağırlaşdırılmış şəxsiyyət oğurluğu kimi ümumilikdə 30 ittihamla üz-üzə qalıb. Noyabrda keçirilən məhkəmə prosesində Teran özünü təqsirli bilməyib. Batista isə planlarını necə həyata keçirdiklərinin təfərrüatlarını səlahiyyətli şəxslərlə bölüşüb. Məhkəmə prosesinin sonunda 23 milyon dolların dələduzluq yolu ilə mənimsənildiyi aşkar olunub.
Bir çox kontent yaradıcısı vaxtaşırı buna bənzər hadisələr ilə qarşılaşır. “YouTube”un kontent yaradıcılarına yardımçı olan “Content ID” sistemi dələduzlar tərəfindən özlərinə aid olmayan kontentdən pul qazanmaq üçün tez-tez sui-istifadə edilir. Bunun ən yaxşı nümunəsi isə elə “MediaMuv”un 23 milyon dollarlıq royalti oğurluğudur.