əstəliklərə diaqnoz qoyan "Digital Diagnostics" şirkəti 75 milyon dollar investisiya alıb. İnvestisiya raunduna “KKR” rəhbərlik edib. İştirakçılar arasında “Cedar Pine”, “Kinderhook”, “8VC”, “Optum Ventures”, “OSF Ventures”, “Gundersen Health System”, “Edward-Elmhurst Health Venture Capital” və Ayova Universiteti də olub. Bununla da şirkətin ümumi investisiya məbləği 130 milyon dolları keçib.
2010-cu ildə yaradılmış şirkət şəkərli diabet xəstələrində rast gəlinən diabetik retinopatiya adlı göz xəstəliyinin diaqnostikası ilə məşğuldur. Bu məqsədlə şirkət 2018-ci ildə “FDA” tərəfindən təsdiq edilmiş “IDx-DR” süni intellekt sistemini hazırlayıb. ABŞ mərkəzli şirkət 2020-ci ildə dermatoloji xəstəliklər üzərində işləyən “3Derm Systems” şirkətini aldığını açıqlamışdı.
Diabetin idarə edilməsi rəqəmsal sağlamlıq və sağlamlıq texnologiyası sahəsində çox populyardır. 2019-cu ildə 28,7 milyon insana şəkərli diabet diaqnozu qoyulduğu təxmin edilir. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, bu rəqəm 2045-ci ilə qədər 48% artaraq 629 milyona çatacaq. Ona görə də bu sahəyə qoyulan investisiyalar günü-gündən artır.
Bu ilin fevral ayında diabet xəstəliklərinə fokuslanan “Glooko” süni intellektə əsaslanan, diabetlə bağlı qulluq alətləri istehsal edən “xbird”ü aldığını elan etmişdi. “Xbird” şirkətinin baş direktoru və həmtəsisçisi Sebastyan Suyka bu satınalma ilə bağlı "Məqsədimiz şəkərli diabet xəstələrini rəqəmsal sağlamlıq həlləri ilə təmin etmək və bu xidməti mümkün qədər daha çox xəstə üçün əlçatan etməkdir", - deyə açıqlama verib.
2015-ci ildə Conas Harder, Matteo Karli, Sebastyan Suyka və Silvan Türkcan tərəfindən Berlində yaradılan “xbird” şirkəti sensorlar və geyilə bilən cihazlar dizayn edir. Xəstələrin qan şəkərinə nəzarət edə bilən bu cihazlar şəkərli diabet xəstəliyinin gedişatı üçün böyük əhəmiyyət daşıyır.
Xəstəliklərin diaqnostikasında süni intellektdən istifadə edilməsi və belə startaplar investisiya qoyuluşu getdikcə daha çox diqqəti cəlb edir. 2 gün əvvəl rəqəmsal sağlamlıq startapı “Ubie” 26,2 milyon dollar investisiya aldığını açıqladı. “Ubie” süni intellekt texnologiyasından istifadə edərək simptomlara görə xəstəliklərə diaqnoz qoyur. Şirkət xəstəliyə dəqiq diaqnoz qoymaq və daha detallı nəticə əldə etmək üçün istifadəçiyə 20 sualdan ibarət test təqdim edir.