esablarımız üçün yaratdığımız şifrələrin 51%-nin süni intellekt vasitəsilə 1 dəqiqədən daha az müddətdə sındırıla bildiyini bilirdinizmi?
Hələ bu harasıdır? Araşdırmalar göstərir ki, bütün şifrələrin 71%-i 24 saatdan daha az müddətdə qırıla bilər.
Hər kəsə məlumdur ki, süni intellekt son zamanlarda hər kəsin həyatına bu və ya digər formada təsir edən, bir çoxumuzu sözün əsl mənasında “müşkülə” salan bir texnologiya növüdür. Ümumilikdə, insanların həyatını daha da asanlaşdırmaq üçün nəzərdə tutulan bu texnologiya bəzən insanları qorxuya da sala bilir. Bu tip insanları isə qınamaq lazım deyil, çünki, süni intellektdən sui-istifadə halları da az deyil.
Dünyada mövcud olan hər şey kimi süni intellektin də müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də az deyil. Bu mənada ortaya çıxan ən önəmli risklərdən biri də şifrələri qırmaqçün təkmilləşdirilmiş PassGAN adı verilən yanaşmadır. “Home Security Heroes” tərəfindən həyata keçirilən araşdırma şifrə qırmaqla bağlı əldə edilən irəliləyişlərin hansı səviyyədə olduğunu bizlərə göstərir. Bu araşdırmaya əsasən, şifrələrin 51%-i bir dəqiqədən, 71%-i isə 1 gündən daha az müddətdə qırıla bilir.
Sözügedən şirkət “Rockyou” məlumatlar bazasında olan 15 milyondan çox şəxsi məlumatları emal etməkçün yeni “şifrəqıran” PassGAN-dan istifadə edib. Bütün şifrələrin 51%-i bir dəqiqədən, 65%-i bir saatdan, 71%-i isə 1 gündən daha az müddətdə qırılıb. Çox güman ki, bunun nə qədər təhlükəli bir şey olduğunu vurğulamağa ehtiyac yoxdur.
Hələ bu azmış kimi, bu süni intellektlə işləyən sistemə 1 aya yaxın vaxt versəniz, bütün şifrələrin 81%-ni də qıra bilərmiş.
Bəs bu proqramın bu qədər sürətli və effektiv şəkildə şifrələrimizi qıra bilməsinin əsas səbəbi nədə gizlənir? Araşdırma açıqlayır ki, süni intellekt şifrələrin saxlandığı məlumat bazasından əldə etdiklərini bir-bir analiz etməkdənsə, həqiqi şifrələrin saxlandığı bazalardan sızdırılan şifrələri avtomatik analiz edib onları öyrəndiyi üçün bu qədər böyük təsir yarada bilir.
Proqram o qədər problemsiz şəkildə şifrələri qıra bilir ki, insanlar “şifrəqıran”-dan yayınmaq üçün artıq daha qəliz və mürəkkəb şifrələr yaratmağa məcburdurlar. Əlavə olaraq onu da bildirmək lazımdır ki, qırılması ən rahat olan şifrələr 4 -11 simvoldan ibarət parollardır. Buna görə də, çalışın ki, şifrələrinizdə BÖYÜK və kiçik hərflər, rəqəmlər və simvollar da daxil olmaqla ən azı 18 simvol olsun. Bu vəziyətdə şifrələrin qırılma ehtimalı təbii ki, çox aşağı düşür. İkiamilli autentifikasiya (telefon nömrənizə gələn dəqiqləşdirici kod), şifrələrinizi tez-tez dəyişdirmək, bir şifrədən uzun müddət istifadə etməmək və s. bu kimi tədbirlər hesablarınızın daha təhlükəsiz olmasına kömək edə bilər.
Bu arada, şifrənizin süni intellektə qarşı nə qədər güclü olduğunu bilməkçün istəyirsinizsə, “Home Security Heroes” şifrənizin gücünü yoxlamaqçün test də təklif edir. Şirkət bunun üçün sayta şifrənizi daxil etməyinizi tələb edir, bunu edib-etməmək təbii ki, sizin öz işinizdir.