“Spotify” istifadəyə verdiyi yeni internet saytı üzərindən canlı musiqi tədbirlərinə bilet satmağa başlayıb. Tickets.spotify.com saytı istifadəçiləri “Ticketmaster” və “Eventbrite” kimi platformalara yönləndirmədən onlara birbaşa “Spotify” üzərindən bilet almaq imkanı yaradır. İstifadəçilər sayt vasitəsilə “Spotify”ın təqdim etdiyi siyahıdan qarşıdan gələn konsertlərə debet və ya kredit kartı ilə bilet ala bilərlər. Bilet almaq üçün istifadəçinin mütləq “Spotify” hesabı olmalıdır. Bu yolla “Spotify” istifadəçi məlumatlarından daha səmərəli şəkildə faydalanmağı düşünür.
“Spotify”ın Tədbirlər üzrə Məhsul Meneceri Sem Şeridan iyun ayında nəşr olunan bloq yazısında istifadəçilərin tətbiqetmədə musiqi dinləyərkən sənətçilərin canlı ifalarını dinləyə biləcəkləri tədbir axtarmaq məqsədilə platformanı tərk etdiklərini qeyd etmişdi. Yenilənən canlı tədbir yayımı və bilet platforması ilə şirkət bu problemi həll etməyi, birbaşa və ya satış ortağı olaraq bilet rezervasiyası ilə gəlir qazanmağı hədəfləyir. “Spotify”ın yeni saytı hələ ki, sınaq müddətindədir və hazırda yalnız ABŞ-dakı konsertlər üçün öncədən bilet satışı həyata keçirir.