Kanada mərkəzli e-ticarət şirkəti “Shopify” kontent yaradıcıları üçün yeni gəlir modeli təqdim edən “Collabs”ı tanıdıb. Şirkət bununla kontent yaradıcıları üçün pul qazanmağı asanlaşdırdığını, müstəqil biznesləri yeni satış və marketinq kanalı ilə təmin etdiyini açıqlayıb.
“Shopify”ın Məhsul direktoru Amir Kabbara, bu barədə etdiyi açıqlamada ““Shopify” dünyanın ən yaxşı müstəqil markalarının bir araya toplandığı yerdir. İndi “Collabs” ilə platformamıza müraciət daha da asanlaşır”, - deyə bildirib.
Kontent yaradıcıları “Shopify Collabs” hesabına daxil olaraq hədəf kütlələrinə uyğun “Shopify” satıcılarını nəzərdən keçirə, bəyəndikləri markalar ilə isə ortaq ola bilərlər. Digər tərəfdən, kontent yaradıcıları “Shopify”ın “Linkpop” alətini istifadə etməklə sosial mediada paylaşım üçün məhsullarının siyahısını hazırlaya bilərlər.
Şirkət ödəniş strukturunun satıcıya görə dəyişdiyini və kontent yaradıcılarının ödənişlərini birbaşa “PayPal” hesablarından əldə edə biləcəklərini açıqlayıb. “Shopify” “Collabs” ilə eyni zamanda müstəqil biznesləri yeni satış və marketinq kanalı ilə də təmin edir. Satıcılar yeni “Collabs” təklifinə qoşulub mağazalarını və məhsullarını kəşf edərkən kontent yaradıcıları həmin satıcının icmasına qoşulmaq üçün müraciət edə bilirlər.
Bu əməkdaşlıqlar sonralar kontent yaradıcıları və satıcılar arasındakı münasibətləri irəliyə aparmaq, kontent yaradıcısı üçün isə yeni əlaqələr qurmaq və müxtəlif endirim kodları əldə etmək kimi imkanlara yol aça bilər.