M

illi Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal sənədlərin tətbiqi ilə bağlı qanunvericilik aktlarına dəyişiklik layihələrinə baxılıb.

Təqdim olunan qanun layihələri “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişiklikləri əhatə edir.   

Komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə keçirilən iclasda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri Samir Məmmədov, Elmin Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov, Agentliyin sədrinin müşaviri Şahin Əliyev, eləcə də digər komitə üzvləri, aidiyyəti qurumların nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.

Sözügedən qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, müvafiq dəyişikliklərdə “mygov” üzərindən təqdim olunan şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatlarının həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olunması təklif ounur. Belə ki, vətəndaş dövlət və özəl müəssisələrdə fiziki xidmətlərdən istifadə zamanı, eyni zamanda onlayn platformalarda sənədlərə dair tələb olunan məlumatları mygov tətbiqi vasitəsi ilə QR kodu oxutmaqla qarşı tərəfə təqdim edə biləcək. Xidmət göstərən müəssisə vətəndaşın rəqəmsal sənədlərini “mygov yoxlayıcı” (mygov Checker)  tətbiqi vasitəsi ilə yoxlayaraq qəbul edəcək.  

Qanun layihələri çərçivəsində eyni zamanda bu prosesin səmərəli və operativ şəkildə həyata keçirilməsi üçün fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilməsi, elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin təşkili və fəaliyyəti üzrə idarəetmə mexanizminin qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi də təklif edilib.

Bununla yanaşı, iclasda vətəndaşyönümlü dövlət xidmətlərinin rəqəmsallaşdırılması məsələləri də müzakirə edilib. Bildirilib ki, dövlət xidmətlərinin və sənədlərin “mygov” platforması ilə tam rəqəmsallaşdırılması dövlət-vətəndaş münasibətlərini 80% rəqəmsallaşdıracaq və bunun nəticəsində fiziki xidmətlərdən istifadə kəskin şəkildə azalacaq.

Qeyd edək ki, müvafiq qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Posted 
Jun 12, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All