RİA-nın dəstəyi ilə 75-ci Beynəlxalq Astronavtika Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir.
14-18 oktyabr tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 52 nəfərdən ibarət tələbə, gənc mütəxəssis və alimlərdən ibarət milli elmi komanda təmsil edir. Milli elmi komanda Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının dəstəyi ilə qlobal platformada iştirak edir.
Konqresin “Dayanıqlılıq naminə kosmik məsuliyyət” mövzusuna uyğun olaraq gənclər əsasən biomühəndislik bitkiləri ilə mikro qravitasiya mühitində karbonun idarə olunması, kosmik mühitin insan bədəninə təsiri, kosmosda fizioterapiya, kosmosda hüquqi tənzimlənmə qaydaları, kosmosda həyat elmləri, peyklərin missiyası və yerin müşahidəsi mövzularında elmi çıxışlar edir, öz araşdırma və yanaşmalarını təqdim edirlər.
Milan Konqresində 200 texniki sessiyada 2400-ə yaxın elmi məqalə təqdim olunur. Tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda konqres vasitəsilə bu sessiyalarda müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurur, kosmosun gələcəyi barədə fikir mübadiləsi apara bilir.
Milan Konqresi innovasiya, kosmosda dövlət-özəl tərəfdaşlığı, NASA-nın “Artemis Accords” Ay missiyası, kosmik kəşflər: Aydan Marsa doğru, kosmosda tibbi araşdırmalar, kosmosda biznes və investisiya, sahibkarlıq, kosmik iqtisadiyyat, kosmik resursların dəyəri haqqında interaktiv sessiyalar və zəngin proqramlarla bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayır.